
Azərbaycanın müasir tarixində mühüm yer tutan hadisələrdən biri 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad edilməsidir. Bu tarixi qələbə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı uğurların mühüm mərhələsi oldu. Uzun illər işğal altında qalan doğma torpaqların azad edilməsi xalqımızın tarixi ədalətin bərpasına olan inamını gerçəkləşdirdi.
Prezident İlham Əliyev 2020-ci il oktyabrın 4-də xalqa müraciətində Cəbrayıl şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad edildiyini elan etdi. Dövlət başçısı Azərbaycan Ordusunun qəhrəmanlığını və hərbi qulluqçuların fədakarlığını yüksək qiymətləndirdi. Cəbrayılın azad olunması Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri olmaqla, ordumuzun döyüş əzmini və xalqımızın qələbəyə inamını daha da gücləndirdi.
Prezident İlham Əliyevin Cəbrayıla diqqəti şəhərin azad edilməsindən sonra da davam etdi. 2021-ci il oktyabrın 4-də dövlət başçısı Cəbrayıl şəhərində səfərdə oldu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü və şəhərin gələcək inkişafı ilə bağlı mühüm məsələlərə toxundu. Həmin səfər çərçivəsində Cəbrayıl şəhərində Memorial Kompleksin təməli qoyuldu. Bu addımlar şəhərin tarixi yaddaşının qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Dövlət başçısının rəhbərliyi ilə Cəbrayılda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması, yol-nəqliyyat infrastrukturunun inkişafı, yaşayış komplekslərinin yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı üçün şəraitin təmin edilməsi əsas prioritetlərdən birinə çevrildi. 2024-cü il oktyabrın 3-də Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak etdi. Bu, şəhərin dirçəldilməsi və Böyük Qayıdış prosesinin həyata keçirilməsi istiqamətində mühüm addımlardan biri oldu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Cəbrayılın azadlığı və yenidən qurulması Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyır. Şəhərin bərpası, yeni infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı qazanılmış Zəfərin real nəticələrini nümayiş etdirir. Bu gün Cəbrayıl həm Azərbaycan Ordusunun qəhrəmanlığının, həm dövlətin quruculuq siyasətinin, həm də xalqımızın doğma torpaqlara bağlılığının rəmzidir. 4 oktyabr tarixi isə Azərbaycan xalqının yaddaşında qürur və iftixar günü kimi yaşayır.
Sevinc Həmzəyeva,
YAP Nizami rayon təşkilatının “Rizvan Teymurov küçəsi, 73” ərazi partiya təşkilatının sədri



