Şuşa – Böyük Qayıdışın və yeni həyatın ünvanı

Doğma torpağa qayıtmaq hər bir insanın ən böyük arzularından biridir. Uzun illər Şuşadan didərgin düşmüş sakinlər üçün bu arzu bəzən əlçatmaz görünürdü. Lakin Azərbaycan xalqının qətiyyəti, dövlətimizin apardığı ardıcıl siyasət və Ordumuzun qəhrəmanlığı nəticəsində 2020-ci il noyabrın 8-də şəhər azadlığına qovuşdu. Bununla da Şuşaya qayıdışın yeni mərhələsi başlandı.
Şuşanın işğaldan azad edilməsindən sonra şəhərin yenidən məskunlaşdırılması və yaşayış üçün əlverişli şəraitin yaradılması əsas vəzifələrdən birinə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində genişmiqyaslı infrastruktur layihələri icra olunur. Yeni yaşayış binaları, məktəblər, sosial obyektlər və kommunikasiya sistemləri şəhərin həyatını yenidən canlandırır.
Şuşaya qayıdan ailələr üçün bu proses sadəcə yaşayış yerinin dəyişməsi deyil, həm də doğma xatirələrə və milli köklərə qovuşmaqdır. İllərlə başqa bölgələrdə yaşayan insanlar indi öz ata-baba yurdlarında yeni həyat qururlar. Onların qayıdışı şəhərin sosial və mənəvi dirçəlişinin əsas göstəricilərindən biridir.
Böyük Qayıdış yalnız Şuşanın deyil, bütövlükdə işğaldan azad edilmiş ərazilərin inkişafını əhatə edir. Dövlət tərəfindən yol, enerji, su və digər infrastrukturların qurulması insanların təhlükəsiz və rahat yaşayışını təmin etməyə yönəlib. Bu proses Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm hissəsidir.
Şuşa bu gün yeni həyatın, ümidin və qayıdış sevincinin ünvanıdır. Şəhərin küçələrində yenidən sakinlərin yaşaması, uşaqların səsinin eşidilməsi və mədəni tədbirlərin keçirilməsi Zəfərin real nəticələrini göstərir. Şuşa Şəhəri Günü münasibətilə doğma yurda qayıdan ailələrə xoşbəxt və firavan həyat arzulayırıq.
Zakir Şahverdi,
YAP Nizami rayon təşkilatının fəalı



