Şuşa Zəfəri – güclü liderliyin və xalq birliyinin təntənəsi

Azərbaycanın müasir tarixində elə hadisələr var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür. Şuşanın işğaldan azad edilməsi də belə tarixi hadisələrdəndir. Bu qələbə xalqımızın uzun illər qəlbində yaşatdığı arzunun gerçəkləşməsi, milli qürurumuzun bərpası və dövlətçilik tariximizin yeni mərhələsinin başlanğıcı oldu. Qarabağın tacı adlandırılan Şuşanın azadlığı Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Bu möhtəşəm Zəfərin əldə olunmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi xüsusi əhəmiyyət daşıdı. Dövlət başçısı uzun illər ərzində Azərbaycanın iqtisadi, siyasi və hərbi potensialının gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirdi. Ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, müasir ordu quruculuğu və milli həmrəyliyin təmin edilməsi tarixi qələbənin əsasını təşkil etdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərdi. Hərbçilərimiz işğal altında olan əraziləri azad edərək düşmənin müdafiə sistemini darmadağın etdilər. Şuşa uğrunda döyüşlər isə hərb tariximizə xüsusi peşəkarlıq və igidlik nümunəsi kimi daxil oldu. Noyabrın 8-də şəhərin azad edilməsi Azərbaycan xalqının qələbə sevincini zirvəyə çatdırdı.
Şuşanın azadlığından sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Tarixi abidələrin yenidən qurulması, yolların çəkilməsi, yaşayış komplekslərinin inşası və sosial infrastrukturun yaradılması dövlətimizin diqqət mərkəzindədir. Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən mədəni irsin qorunması layihələri də Şuşanın əvvəlki şöhrətinin qaytarılmasına mühüm töhfə verir.
Bu gün Şuşa güclü liderliyin, xalq birliyinin və qəhrəman Azərbaycan Ordusunun yaratdığı Zəfərin rəmzidir. Şuşa Şəhəri Günü münasibətilə bu tarixi qələbənin memarı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə və torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan bütün qəhrəmanlarımıza minnətdarlığımızı bildiririk. Şuşa xalqımızın qürur mənbəyi olaraq daim yaşayacaq.
Sona Bəylərli,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 84” ərazi partiya təşkilatının sədr müavini



