AnalitikaGündəmSiyasət

Ticarətdən birgə istehsala: Azərbaycan-Mərkəzi Asiya iqtisadi əlaqələrinin yeni istiqaməti

Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında iqtisadi münasibətlər son illərdə nəzərəçarpacaq şəkildə genişlənib. Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşündə Prezident İlham Əliyevin çıxışında iqtisadi əməkdaşlığın növbəti mərhələsi ilə bağlı diqqətçəkən məqam isə ticarətin artırılması ilə yanaşı, qarşılıqlı investisiyaların və birgə istehsalın genişləndirilməsinin ön plana çəkilməsi olub.

Dövlət başçısı bildirib ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu göstərici region ölkələri arasında iqtisadi əlaqələrin intensivləşməsini nümayiş etdirir. Digər tərəfdən, Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə fəaliyyət göstərən 400-dən çox şirkətin olması qarşılıqlı biznes əlaqələrinin artıq praktik müstəviyə keçdiyini göstərir.

Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratması da bu prosesin mühüm hissəsidir. Bu fondların kapitalının hər birinin yüz milyonlarla dollar səviyyəsində olduğu bildirilib. Belə mexanizmlər dövlətlərarası iqtisadi əlaqələri konkret layihələrin maliyyələşdirilməsi mərhələsinə keçirməyə imkan verir.

Prezident İlham Əliyev çıxışında diqqəti bir məsələyə xüsusilə yönəldib: məqsəd yalnız qarşılıqlı ticarəti artırmaq deyil, birlikdə investisiya qoymaq, məhsul istehsal etmək və həmin məhsulları xarici bazarlara çıxarmaqdır. Bu yanaşma əməkdaşlığın strukturunda müəyyən dəyişiklik deməkdir. Əgər əvvəl əsas diqqət mal və xidmət mübadiləsinə yönəlirdisə, indi istehsal kooperasiyası və əlavə dəyər yaradan layihələr daha böyük əhəmiyyət qazanır.

Birgə istehsal layihələrinin genişlənməsi region ölkələri üçün bir neçə istiqamətdə imkan yarada bilər. İlk növbədə, yerli sənaye potensialından daha səmərəli istifadə etmək mümkündür. İkincisi, birgə müəssisələr yeni bazarlara çıxış imkanlarını genişləndirə bilər. Üçüncüsü, qarşılıqlı investisiyaların artması iqtisadi əlaqələri daha dayanıqlı edə bilər.

Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında kənd təsərrüfatı, sənaye, logistika və enerji kimi sahələr xüsusi perspektiv daşıyır. Region ölkələrinin iqtisadiyyatlarının bir-birini tamamlayan imkanları birgə layihələr üçün baza yaradır. Eyni zamanda nəqliyyat bağlantılarının inkişafı istehsal olunan məhsulların üçüncü ölkələrin bazarlarına çıxarılmasını asanlaşdıracaqdır.

İqtisadi münasibətlərin genişlənməsi siyasi dialoqla paralel gedir. Prezident İlham Əliyev çıxışında Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin müntəzəm xarakter aldığını və siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.

Bu baxımdan Türkmənbaşı görüşündə səsləndirilən iqtisadi prioritetlər yalnız ticarət statistikasının artırılmasına yönəlmir. Söhbət daha çox investisiya, istehsal, sənaye kooperasiyası və beynəlxalq bazarlara birgə çıxış imkanlarının genişləndirilməsindən gedir.

Görüşün yekununda Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin liderləri Birgə Bəyanatla yanaşı, Məşvərət görüşünün tənzimləyici sənədləri ilə bağlı qərarı da imzalayıblar. Bu sənədlər format çərçivəsində əməkdaşlığın daha sistemli şəkildə davam etdirilməsi baxımından əhəmiyyət daşıyır.

Cəlal Abdullayev,
Xəzər rayonunun gənc fəalı,
Milli Aviasiya Akademiyasının tələbəsi

Oxşar Xəbərlər

Back to top button