
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Oqtay Vəliyev küçəsi, 1” ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.
İlk olaraq tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin zavodun ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.
Görüşdə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, SOCAR Downstream Management şirkətinin baş direktoru Emil Alxaslı, Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Xəyal Cəfərov və zavodun Həmkarlar İttifaqı Komitəsinin sədri İlham Quliyev çıxış ediblər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının müasir Azərbaycanın iqtisadi inkişafında, enerji təhlükəsizliyinin təmin olunmasında və ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsində mühüm rol oynadığı vurğulanıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə neft-qaz sənayesinin modernləşdirilməsi, istehsal infrastrukturunun yenilənməsi, sənaye müəssisələrinin səmərəliliyinin artırılması və müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın davamlı iqtisadi inkişafına mühüm töhfə verir.
YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələrə toxunularaq dövlətçilik ideologiyasının təbliği, milli-mənəvi dəyərlərin qorunması, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması və əmək kollektivlərində ideoloji maarifləndirmə işinin gücləndirilməsinin vacibliyi qeyd olunub. Bildirilib ki, neft sənayesində çalışan əməkdaşların peşəkarlığı, məsuliyyəti və vətənpərvərliyi ölkənin iqtisadi qüdrətinin daha da artırılmasında mühüm amillərdəndir.
Görüş çərçivəsində neft sənayesinin qarşısında duran vəzifələr, əmək kollektivlərində ictimai-siyasi fəallığın artırılması, partiya fəaliyyətinin təkmilləşdirilməsi və YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn tapşırıqların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda ölkəmizin iqtisadi potensialının gücləndirilməsi, milli enerji təhlükəsizliyinin qorunması, neft sənayesinin davamlı inkişafı və Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu məqsədlərin reallaşdırılması istiqamətində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.




