AnalitikaGündəmSiyasət

Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq regionun sabitliyi və inkişafı üçün böyük əhəmiyyət daşıyır

Azərbaycan və Gürcüstan tarixi, coğrafi və mədəni ünsürləri təməl götürən mehriban qonşuluq əlaqələrinə malikdir. Bu iki qonşu ölkə arasında münasibətlər dostluq və strateji tərəfdaşlıq prinsiplərinə dayanır.Tarix boyu Azərbaycan və Gürcüstan arasında yaxın mədəni və iqtisadi əlaqələr formalaşmışdır. Azərbaycan və Gürcüstan coğrafi baxımdan bir-birinə çox yaxındır, bu da iqtisadi, siyasi və mədəni əlaqələrin daha da möhkəmlənməsinə imkan yaratmışdır. Xəzər dənizi regionunda neft və qaz resurslarının Avropa bazarlarına çatdırılmasında ölkələr arasındakı iş birliyi olduqca vacibdir. Azərbaycan və Gürcüstan arasındakı siyasi mənasibətlər strateji tərəfdaşlıq üstünə qurulmuşdur. Beynəlxalq platformalarda bu iki ölkə bir-birini dəstəkləyir, regional sabitlik və təhlükəsizlik məsələlərində birgə çalışırlar.

Azərbaycan və Gürcüstan arasında münasibətlər daha da güclənmək potensialına malikdir. Xüsusilə iqtisadiyyat, energetika, turizm və texnologiyalar sahəsində yeni imkanlar ölkələrarası münasibətlərin genişləndirilməsinə təkan verə bilər. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana işgüzar səfəri, iki dost və qardaş ölkənin tarixi əlaqələrinə yenidən diqqət yönəltdi.

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mühüm görüş keçirmişdir. Bu görüş Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında əhəmiyyətli bir hadisə kimi qeyd olunur. Görüş zamanı Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsinin vacibliyini vurğulamışlar. Onlar ikitərəfli və regional əməkdaşlıq sahəsində əldə olunan uğurları müzakirə etmiş və bu əlaqələrin gələcək perspektivlərini nəzərdən keçirmişlər.

Prezident İlham Əliyev çıxışında Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlığın regionun sabitliyi və inkişafı üçün böyük əhəmiyyət daşıdığını qeyd etmişdir. Baş nazir İrakli Kobaxidze öz növbəsində Gürcüstanın Azərbaycan ilə hərtərəfli əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. O, Azərbaycanın Gürcüstan üçün etibarlı tərəfdaş olduğunu və iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etmişdir.

Görüşdə həmçinin enerji, nəqliyyat, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə edilmişdir. Xüsusilə, “Cənub Qaz Dəhlizi” layihəsinin strateji əhəmiyyəti vurğulanmış və bu layihənin davamlı inkişafı üçün birgə səylərin davam etdirilməsinin zəruriliyi qeyd olunmuşdur. Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze regionda sülh və sabitliyin təmin olunmasının vacibliyini vurğulamış və bu istiqamətdə əməkdaşlığı genişləndirmək üçün birgə fəaliyyət planları barədə razılığa gəlmişlər. Görüş səmimi və konstruktiv atmosferdə keçirilmişdir, bu da hər iki tərəfin əlaqələrin daha da gücləndirilməsi üçün sadiqliyini əks etdirmişdir. Bu görüş, Azərbaycan və Gürcüstan arasındakı əlaqələrin möhkəmləndirilməsi və gələcəkdə daha geniş miqyaslı layihələrin həyata keçirilməsi üçün mühüm zəmin yaratmışdır.

Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button