
Son illərdə Azərbaycan Silahlı Qüvvələrinin büdcəsi ilbəil artır və bu artım sadəcə rəqəmlərlə ölçülmür – o, ordunun reallıqdakı gücündə, imkanlarında və müdafiə qabiliyyətində əksini tapır. Hərbi büdcəyə ayrılan vəsaitlərin məqsədyönlü şəkildə sərf edilməsi nəticəsində müasir texnologiyalar əldə edilir, hərbi hissələrin infrastruktur səviyyəsi yüksəldilir və şəxsi heyətin sosial rifahı təmin olunur.
Büdcənin artımı ilə paralel olaraq Azərbaycanın beynəlxalq hərbi əməkdaşlıq sahəsində atdığı addımlar da diqqətçəkicidir. Müxtəlif ölkələrlə ikitərəfli və çoxtərəfli formatlarda həyata keçirilən təlimlər, kadr hazırlığı və müdafiə sənayesi üzrə təcrübə mübadiləsi, ölkəmizin təhlükəsizlik arxitekturasında əhəmiyyətli yer tutur. Bu əməkdaşlıq təkcə texniki dəstək deyil, həm də strateji tərəfdaşlıq münasibətlərinin formalaşmasına xidmət edir.
Hərbi əməkdaşlığın ən önəmli istiqamətlərindən biri regional sabitliyin qorunmasıdır. Azərbaycan bu sahədə NATO, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Təşkilatı kimi qurumlarla koordinasiyalı fəaliyyət göstərir. Bu əlaqələr həm ordunun taktiki səviyyədə inkişafına, həm də ölkənin geosiyasi mövqeyinin möhkəmlənməsinə imkan verir.
Nəticə etibarilə, güclü büdcə yalnız silahlanma deyil, həm də möhkəm diplomatik dayaqlar deməkdir. Silahlı Qüvvələrimizin həm daxildə güclənməsi, həm də xaricdə müttəfiq qazanması, Azərbaycanın gələcək təhlükəsizlik sisteminin möhkəm təməl üzərində qurulduğunu göstərir.
Ləman Məmmədova
YAP Xəzər rayon təşkilatının fəalı