
Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı – sadəcə texniki bir hadisə deyildi. Bu mərasim, əslində Azərbaycanın son illərdə keçdiyi böyük və şərəfli yolun bir nöqtədə cəmləşmiş ifadəsi idi. Prezident İlham Əliyevin bu açılışda etdiyi çıxış, həm siyasi, həm mənəvi, həm də strateji cəhətdən dərin mesajlarla dolu idi.
Bu çıxış, sanki bir qələbənin təkcə silahla yox, ağıl, iradə və planla necə tamamlandığının bəyanatı idi. “8 Noyabr” adı təsadüfi deyil. Bu stansiya, 2020-ci ildə Azərbaycan xalqının taleyinə yazılan ən möhtəşəm tarixə – Zəfər Gününə ithaf olunub. Prezidentin dili ilə desək, bu ad Azərbaycanın müasir tarixində həm yaddaş, həm mesaj, həm də gələcək üçün işıqdır. Mingəçevirdə elektrik stansiyası tikmək – texniki layihədir. Amma ona “8 Noyabr” adını vermək – siyasətdir, ruhdur, yaddaşdır. Və bu, təsadüf yox, prezidentin milli yaddaşı yaşatma strategiyasının bir hissəsidir. Prezident İlham Əliyev açılışda sadəcə enerji istehsalından danışmadı. O, Azərbaycanın bu gün regionda hansı gücə çevrildiyini, nə qədər etibarlı tərəfdaş və lider olduğunu xatırlatdı. O çıxışda daxili auditoriya üçün qürur, xarici auditoriya üçün isə xəbərdarlıq var idi: “Biz artıq yalnız torpaqlarımızı deyil, iqtisadi gücümüzü də bərpa etmişik.” Stansiyanın iqtisadi əhəmiyyəti böyükdür, bəli. Amma bu, ilk növbədə mənəvi və simvolik yük daşıyır. Zəfərin enerjiyə çevrilməsi – məhz budur bu layihənin mahiyyəti.
“8 Noyabr” – təkcə elektrik istehsal edən qurğu deyil, bu xalqın qaranlıqdan çıxaraq öz yolunu işıqla yazmasının simvoludur. Hər fırlanan turbin, hər işıq saçan generator, əslində bir qələbənin davamıdır. Prezident İlham Əliyev həmin açılışda bir daha sübut etdi ki, onun liderliyi sadəcə ölkəni idarə etmək deyil, ona ruh verməkdir. O, təkcə infrastruktur qurmur, həm də yaddaş inşa edir. Və bu yaddaş – Azərbaycançılığın təməlində dayanan bir yaddaşdır. Bugünkü dünya nəhəng enerji savaşlarının içindədir. Azərbaycanın isə həm geosiyasi mövqeyi, həm də strateji resursları onu bu mübarizədə üstün edir. Amma Azərbaycanın ən böyük üstünlüyü nə qaz, nə neft, nə də elektrikdir. Onun əsas silahı – Prezident İlham Əliyevin çıxışında dəfələrlə vurğuladığı kimi – xalqın birliyi, əzmi və öz liderinə inamıdır.
“8 Noyabr” Stansiyasının işığı – təkcə Mingəçeviri deyil, bütün Azərbaycanı, onun gələcəyini işıqlandırır. Bu işıq – təkcə elektrik deyil, qələbənin, suverenliyin və sabit inkişafın işığıdır.
Orxan Abdullazadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi