
“Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Təsadüfi deyil ki, Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir. İki ölkənin diplomatik münasibətlərinin 1995-ci ildə qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Məhz müstəqillik illərində Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri var. Bu gün isə Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Həmçinin, Prezident İlham Əliyevin Özbəkistana ardıcıl səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib”.
Bunu “Reportyorinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov əlavə edib ki, iki ölkə arasında bu vaxtadək imzalanmış 170-dək sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb.
Ramil Vəlibəyov diqqətə çatdırıb ki, Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.
Ramil Vəlibəyov əlavə edib ki, Özbəkistan Prezidenti işğaldan azad olunmuş Qarabağın bərpasına dərhal yardım edən ilk liderdir: “Təsadüfi deyil ki, Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir. Erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə isə bu gün 200-dən çox insanın çalışdığı Xankəndi şəhərindəki tikiş fabrikidir. Bütün bunlar isə heç şübhəsiz ki, qardaşlıq, dostluq, həmrəylik və dəstək jestidir”.
Ramil Vəlibəyov vurğulayıb ki, Azərbaycan ilə Özbəkistanın birgə yaratdığı İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır: “Bu gün artıq 10-dan çox layihə artıq investisiya qərarlarının qəbulu mərhələsindədir. Heç şübhəsiz ki, energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Eyni zamanda, hər iki ölkə şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına əhəmiyyət verir və əməkdaşlıq edir. Eləcə də həm Azərbaycanda, həm də Özbəkistanda kənd təsərrüfatı müəssisələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin inkişafı üzrə iri layihələrin həyata keçirilməsi də nəzərdə tutulub. Bütün bunlar isə Azərbaycan-Özbəkistan qardaşlıq münasibətlərinin ruhuna və xarakterinə uyğundur”.