AnalitikaGündəmSiyasət

Su siyasəti, Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir

Azərbaycan Respublikasında su ehtiyatlarının idarə olunması son illərdə dövlət siyasətinin ən prioritet istiqamətlərindən birinə çevrilmişdir. İqlim dəyişiklikləri, qlobal istiləşmə, regionda su ehtiyatlarının azalması və artan əhali tələbatı su təhlükəsizliyinin təmin edilməsini strateji məsələ səviyyəsinə qaldırmışdır. Məhz bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə su siyasəti üzrə yeni dövlət proqramının qəbul edilməsi ilə bağlı keçirilən müşavirə xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı vurğulamışdır ki, su ehtiyatları artıq təkcə iqtisadi və sosial məsələ deyil, eyni zamanda milli təhlükəsizlik məsələsidir. Azərbaycan su ehtiyatlarının böyük hissəsini transsərhəd çaylardan alır və bu da ölkəni xarici amillərdən asılı vəziyyətə sala bilər. Bu səbəbdən su ehtiyatlarının qorunması, səmərəli istifadəsi və daxili imkanların artırılması dövlətin əsas vəzifələrindən biridir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, son illərdə ölkədə bir çox su anbarları, kanallar, hidrotexniki qurğular tikilsə də, mövcud problemlər hələ də qalmaqdadır. Xüsusilə kənd təsərrüfatında su itkiləri, köhnəlmiş infrastruktur və qeyri-səmərəli idarəetmə ciddi çağırışlar yaradır.

Müşavirədə işğaldan azad edilmiş ərazilərdə aparılan su təsərrüfatı layihələrinə də xüsusi diqqət yetirilmişdir. Prezident İlham Əliyev bildirmişdir ki, Qarabağ və Şərqi Zəngəzurda “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları çərçivəsində su ehtiyatlarının idarə olunması müasir standartlara uyğun qurulur. Yeni su anbarları, kanallar və təmizləyici qurğular həmin bölgələrin sürətli bərpasında mühüm rol oynayır.

Eyni zamanda müşavirədə su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi məsələsi də geniş müzakirə olunmuşdur. Prezident İlham Əliyev dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinin, məsuliyyətin artırılmasının vacibliyini qeyd etmişdir. Yeni dövlət proqramı çərçivəsində institusional islahatların aparılması, şəffaflıq və hesabatlılığın təmin edilməsi əsas prioritetlər sırasındadır.

Prezident İlham Əliyevin su siyasəti ilə bağlı dövlət proqramının qəbulu Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu proqram ölkənin su təhlükəsizliyinin təmin olunmasına, kənd təsərrüfatının dayanıqlı inkişafına, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Qəbul edilən qərarlar bir daha göstərir ki, Azərbaycan dövləti gələcək nəsillərin maraqlarını nəzərə alaraq, təbii ehtiyatların qorunması və səmərəli idarə olunması istiqamətində ardıcıl və düşünülmüş siyasət həyata keçirir. Su siyasəti üzrə yeni dövlət proqramı bu baxımdan strateji əhəmiyyət daşıyır və ölkənin davamlı inkişafına güclü töhfə verəcəkdir.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button