AnalitikaGündəmSiyasət

Azərbaycan–Kamboca münasibətləri: qarşılıqlı etimad və əməkdaşlığın yeni perspektivləri

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında qarşılıqlı etimada, ortaq maraqlara və beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Qloballaşan dünyada siyasi dialoqun gücləndirilməsi, iqtisadi əlaqələrin şaxələndirilməsi, humanitar münasibətlərin inkişafı və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin təmin olunması ölkələrin xarici siyasət strategiyalarının mühüm istiqamətlərindəndir. Bu baxımdan Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında münasibətlərin inkişafı, mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi və yeni tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi xüsusi diqqətə layiqdir.

Oktyabr ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini aydın şəkildə ortaya qoydu. Bəyanatda siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, təhsil, turizm, nəqliyyat və rəqəmsal transformasiya sahələrində əlaqələrin inkişafı, eləcə də beynəlxalq təhlükəsizlik məsələləri ətrafında qarşılıqlı fəaliyyətingücləndirilməsi kimi mühüm istiqamətlər ön plana çəkildi. Bu məqamlar Azərbaycan–Kamboca münasibətlərinin yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də beynəlxalq münasibətlər sistemində qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq kimi inkişaf etdiyini göstərir.

Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində mövcud olan siyasi təmaslar iki ölkənin beynəlxalq gündəlikdə yer alan məsələlər üzrə fikir mübadiləsi aparmasına və qarşılıqlı dəstək nümayiş etdirməsinə imkan yaradır. Prezident İlham Əliyevin bəyanatında vurğulandığı kimi, Azərbaycan və Kamboca beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir, eyni zamanda ikitərəfli münasibətlərin daha da intensivləşdirilməsi istiqamətində ortaq mövqe nümayiş etdirirlər. Bu yanaşma diplomatik əlaqələrin möhkəmləndirilməsi ilə yanaşı, beynəlxalq məsələlərə dair qarşılıqlı anlaşmanın dərinləşdirilməsi baxımından da əhəmiyyətlidir.

Azərbaycan–Kamboca münasibətlərinin gələcək inkişafında iqtisadi əməkdaşlıq xüsusi yer tutur. Hər iki ölkənin mövcud potensialından daha səmərəli istifadə edilməsi, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaların təşviqi üçün geniş imkanlar mövcuddur. Bununla belə, ölkələr arasında ticarət dövriyyəsinin hazırda aşağı səviyyədə olması iqtisadi münasibətlərin daha sistemli və məqsədyönlü şəkildə inkişaf etdirilməsinin zəruriliyini ortaya qoyur.

Prezident İlham Əliyev bəyanatında ticarət və investisiya sahələrində əməkdaşlığın praktiki istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini qeyd edib. Bu məqsədlə birgə işçi qrupunun yaradılması iqtisadi münasibətlərin inkişafı istiqamətində atılan mühüm addımlardan biridir. Belə bir mexanizm iki ölkənin biznes mühitini, iqtisadi prioritetlərini və qarşılıqlı investisiya imkanlarını daha yaxından öyrənməyə, konkret əməkdaşlıq layihələrini müəyyənləşdirməyə və mövcud çətinliklərin aradan qaldırılmasına kömək edə bilər.

Dövlət başçısının diqqətə çatdırdığı məsələlərdən biri də coğrafi məsafənin və məlumat çatışmazlığının iqtisadi əlaqələrin genişlənməsinə təsiridir. Müasir kommunikasiya vasitələrinin, rəqəmsal platformaların və beynəlxalq biznes şəbəkələrinin inkişaf etdiyi bir dövrdə məsafə iqtisadi tərəfdaşlıq üçün həlledici maneə hesab edilə bilməz. Əsas məsələ tərəflərin bir-birinin bazarları, istehsal imkanları, investisiya mühiti və iqtisadi prioritetləri barədə ətraflı məlumata malik olmasıdır.

İqtisadi əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, təhsil, turizm və digər humanitar sahələrdə əlaqələrin inkişafı da iki ölkə arasında münasibətlərin daha möhkəm təməl üzərində qurulmasına imkan verir. Dövlətlər arasında münasibətlərin davamlı xarakter alması yalnız siyasi və iqtisadi əməkdaşlıqdan deyil, həm də xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsindən asılıdır. Bu baxımdan təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi Azərbaycan–Kamboca münasibətlərinin gələcək inkişafında mühüm rol oynaya bilər.

Prezident İlham Əliyev bəyanatında Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil aldığını xatırladaraq bu ənənənin bərpa edilməsinin əhəmiyyətini vurğulayıb. Bu tarixi təcrübə iki ölkə arasında humanitar əlaqələrin müəyyən əsaslara malik olduğunu göstərir. Qarşılıqlı təhsil imkanlarının yaradılması, tələbə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələri arasında əməkdaşlığın təşviqi yeni nəslin bir-birinin tarixi, mədəniyyəti və cəmiyyəti haqqında daha ətraflı məlumat əldə etməsinə imkan verə bilər.

Bununla yanaşı, nəqliyyat və rəqəmsal transformasiya sahələrinin prioritet istiqamətlər kimi müəyyənləşdirilməsi müasir dövrün tələbləri ilə uzlaşır. Rəqəmsal texnologiyaların tətbiqi dövlət idarəçiliyindən iqtisadi fəaliyyətə qədər müxtəlif sahələrdə səmərəliliyin artırılmasına imkan verir. Nəqliyyat və logistika məsələləri isə beynəlxalq ticarətin inkişafı, məhsulların bazarlara çıxarılması və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sahələrdə təcrübə mübadiləsinin təşviqi və birgə təşəbbüslərin nəzərdən keçirilməsi Azərbaycan ilə Kamboca arasında əməkdaşlığın daha müasir və çevik əsaslar üzərində qurulmasına kömək edə bilər.

Azərbaycanın dövlət idarəçiliyi sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biri vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın təmin olunması və inzibati prosedurların sadələşdirilməsi istiqamətində həyata keçirilən islahatlardır. Bu baxımdan “ASAN xidmət” modeli ölkəmizin innovativ idarəçilik təcrübəsinin mühüm nümunələrindən biri kimi çıxış edir. Prezident İlham Əliyevin bəyanatında bu sistemin Kambocada da maraq doğurması xüsusi qeyd olunub. Öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində yüksək müsbət qiymətləndirmə qazanmış bu model bir sıra dost ölkələrdə də tətbiq edilir.

İki ölkə arasında əməkdaşlığın diqqət çəkən digər istiqaməti mina problemi ilə mübarizədir. Həm Azərbaycan, həm də Kamboca minaların yaratdığı təhlükələrlə üzləşmiş dövlətlərdir. Bu ümumi təcrübə mina təhlükəsinin aradan qaldırılması sahəsində bilik və təcrübə mübadiləsini, mütəxəssislərin hazırlanmasını və praktiki əməkdaşlığın genişləndirilməsini zəruri edir.

Bu baxımdan mina təhlükəsi ilə mübarizə yalnız təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi deyil, həm də insanların həyatının qorunması, sosial-iqtisadi inkişafın təmin olunması və münaqişədən zərər çəkmiş ərazilərdə normal yaşayış şəraitinin bərpası məsələsidir. Prezident İlham Əliyevin bəyanatında təcrübə, bilik və praktiki bacarıqların mübadiləsinin, eləcə də təlimlərin keçirilməsinin vacibliyi xüsusi vurğulanıb. Bu yanaşma Azərbaycan və Kamboca arasında humanitar təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün əhəmiyyətli əsas yaradır.

Prezident İlham Əliyevin bəyanatında xüsusi diqqət yetirilən məsələlərdən biri də beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasıdır. Dövlət başçısı sülh və təhlükəsizliyin beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanmasının vacibliyini vurğulayıb. Azərbaycanın müasir tarixində ərazi bütövlüyünün və suverenliyin bərpası xüsusi yer tutur. Ölkəmiz 30 ilə yaxın davam edən işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, “Böyük Qayıdış” Proqramı həyata keçirilir.

Həmin ərazilərdə yaşayışın bərpası, infrastrukturun qurulması və insanların doğma torpaqlarına qayıdışının təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu proses yalnız fiziki infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır. O, həm də insanların doğma yurdlarına qovuşması, sosial həyatın canlandırılması və uzun illər davam edən münaqişənin ağır nəticələrinin aradan qaldırılması deməkdir.

Mövcud siyasi iradənin, qarşılıqlı etimadın və iqtisadi əməkdaşlıq imkanlarının ardıcıl şəkildə inkişaf etdirilməsi Azərbaycan–Kamboca münasibətlərinin gələcəkdə daha geniş məzmun qazanmasına şərait yarada bilər. İkitərəfli əlaqələrin yeni sahələrlə zənginləşdirilməsi, biznes dairələri arasında təmasların artırılması və humanitar əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin maraqlarına uyğun nəticələrin əldə olunmasına xidmət edəcəkdir.

 

İman Abduyev, politoloq

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button