
Azərbaycan xalqı tarix boyu öz rəşadət və qəhrəmanlıq dastanını yazmış, vətənpərvərlik, milli birlik və mübarizə əzmi dedikdə ilk ağla gələn xalq olmuşdur. Təsadüfi deyil ki, 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı, əsgər və zabitlərimizin əzmkarlığı, xalqımızın sarsılmaz dəstəyi nəticəsində azadlığına qovuşmuşdur.
Azərbaycan xalqının tarixinə nəzər saldıqda onun müxtəlif dövrlərdə siyasi və ideoloji çətinliklərlə üzləşdiyinin şahidi oluruq. Tariximizə, milli kimliyimizə və mənəvi dəyərlərimizə yönələn təzyiqlərə baxmayaraq, xalqımız öz milli ruhunu, azadlıq istəyini və Vətənə bağlılığını qoruyub saxlamışdır. Məhz bu sarsılmaz iradə, milli həmrəylik və Vətən sevgisi xalqımızın ən çətin sınaqlardan belə üzüağ çıxmasının əsas amillərindən biri olmuşdur.
Bu gün Qarabağın tacı Şuşa azaddır! Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı azaddır! Tarixin şanlı səhifələrinə həkk olunan bu adlar Azərbaycan əsgərinin qəhrəmanlığının, xalqımızın birliyinin və Azərbaycan qadınının qətiyyətinin rəmzidir. Bu Zəfər Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsinin, qazilərimizin fədakarlığının və bütöv bir xalqın azadlıq iradəsinin təcəssümüdür.
Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, ey Vətən uğrunda canından keçən şəhidlərimiz! Qoy sevinc və qürur qazilərimizin daim yol yoldaşı olsun! Şəhid analarımızın göz yaşları sevinc göz yaşlarına çevrilsin! Torpaqlarımız artıq azaddır! Arzumuz budur ki, gələcəyimiz adlandırdığımız uşaqlar Qarabağda böyüsün, gənclərimiz bu torpağın şəfalı suyundan içsin, saf havasından nəfəs alsın, burada təhsil alsın, yaratsın və gələcəyimizi qurmaq üçün addımlar atsınlar.
Qubadlı Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi və füsunkar təbiəti ilə seçilən diyarlarından biridir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Qubadlı şəhəri 2020-ci il oktyabrın 25-də, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun qəhrəmanlığı və şücaəti nəticəsində işğaldan azad edilmişdir. Bu tarixi gün xalqımızın yaddaşında milli qürurun, əzmkarlığın və Zəfər iradəsinin rəmzi kimi yaşayır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevə qələbəyə aparan siyasi və hərbi strategiyaya rəhbərliyinə görə minnətdarlığımızı bildirir, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulayırıq. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillər üçün daim örnək olacaqdır.
Qoy sularımız axsın, torpaqlarımız göyərsin, millətimiz azad və firavan yaşasın! Qubadlımız abadlaşsın, Qarabağımız çiçəklənsin, Azərbaycanımız daim var olsun!
Nəzrin Bağırova,
YAP Yasamal rayon təşkilatının fəal gənci



