GündəmSiyasət

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müşavirə keçirilib

Oktyabrın 23-də “İnşaatçılar pr. 39” ünvanı üzrə (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, “Əməkdar incəsənət xadimi” Ceyran Mahmudova, Universitetin əməkdaşları, YAP Yasamal rayon təşkilatının əməkdaşları, Azərbaycan Respublikasının mədəniyyət və incəsənət xadimləri və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, “Əməkdar incəsənət xadimi” Ceyran Mahmudova iştirakçıları salamlayaraq ölkəmizin mədəniyyət və incəsənət məbədi sayılan ali təhsil müəssisəsində keçirilən bu görüşün mühüm ideoloji və mənəvi əhəmiyyətə malik olduğunu bildirib. C.Mahmudova diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı respublikamızın hərtərəfli tərəqqisini şərtləndirən strateji dönüş nöqtəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı dərin məzmunlu nitqi zəngin mədəni irsimizin qorunması, incəsənətimizin dünyada təbliği və gənc yaradıcı heyətin milli-mənəvi dəyərlər ruhunda formalaşdırılması istiqamətində ali məktəb kollektivinin qarşısına vacib hədəflər qoyur. Rektor vurğulayıb ki, universitetin professor-müəllim heyəti cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət siyasətinə hər zaman dəstək verir və bundan sonra da partiyanın ideoloji prinsiplərinin gənc sənətçilər arasında yayılmasında fəal olacaqdır.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi və konseptual nitqinin ideoloji-siyasi mahiyyəti, mədəniyyətin dövlət müstəqilliyinin möhkəmləndirilməsindəki rolu və incəsənət xadimlərinin qarşısında duran mühüm vəzifələr barədə geniş, ətraflı məruzə ilə çıxış edib. Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin siyasi stabilliyinin, iqtisadi və mənəvi tərəqqisinin ideoloji dayaq sütunu olmuşdur. Ulu Öndərin mədəniyyətə, incəsənətə və ziyalılara göstərdiyi diqqət və qayğı siyasətini uzaqgörənliklə davam etdirən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan mədəniyyəti beynəlxalq aləmdə öz layiqli yerini tutmuşdur. Müzəffər Ali Baş Komandanın liderliyi ilə qazanılan tarixi Zəfər və suverenliyimizin tam bərpası həm də mədəniyyətimizin, Şuşamızın, Qarabağın zəngin irsinin dirçəlişinə yol açmışdır. B.Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul olunmuş qərarlar və partiya sədrinin irəli sürdüyü prioritetlər ali mədəniyyət ocaqlarında fəaliyyət göstərən ərazi partiya təşkilatlarının fəaliyyətində yeni dinamika tələb edir. Müasir dövrdə ideoloji mübarizə konsepti zəminində incəsənətin, teatrın, kinonun, musiqinin və rəngkarlığın rolu əvəzolunmazdır. YAP Yasamal rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ərazi partiya təşkilatı zəngin yaradıcı və intellektual potensiala malikdir. YAP Yasamal rayon təşkilatı cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması və partiya ideallarının təbliği istiqamətində universitetin partiya fəalları ilə sıx əməkdaşlığı ardıcıl olaraq sürdürəcəkdir.

Çıxış edənlər Universitetin Elm yaradıcılıq işləri üzrə prorektoru, “Əməkdar mədəniyyət işçisi” Sədaqət Əliyeva, Tədris işləri üzrə prorektor vəzifəsini icra edən, professor Şirinbəy Əliyev, Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, “Əməkdar incəsənət xadimi” Əli Əmirov, Aşıq sənəti kafedrasının müdiri, “Əməkdar mədəniyyət işçisi” Samirə Əliyeva, Sosial-siyasi elmlər kafedrasının müdiri, dosent Əfşan Səfiyeva, Muğam sənəti kafedrasının müdiri, “Xalq artisti” Teyyub Aslanov, Elmi şuranın katibi, dosent Vasif Adilov və Musiqili teatr aktyoru kafedrasının müdiri, “Əməkdar artist” Azad Şükürov universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, gənc sənətçilərin estetik və vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də ərazi partiya təşkilatının ictimai-ideoloji fəaliyyəti barədə geniş məlumat veriblər. Çıxış edənlər vurğulayıblar ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə, incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğı kollektivi yeni yaradıcılıq uğurlarına ruhlandırır. Onlar YAP-ın VIII Qurultayından irəli gələn tapşırıqları gündəlik elmi-pedaqoji fəaliyyətlərində rəhbər tutacaqlarını və partiya ideyalarının təbliğində ön sıralarda olacaqlarını bəyan ediblər.

Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button