
Bu gün Azərbaycan xalqı üçün qürur, fəxarət və tarixi Zəfər rəmzi olan 25 Oktyabr – Qubadlı Şəhəri Günüdür. 2020-ci il oktyabrın 25-də Müzəffər Azərbaycan Ordusu Qubadlı şəhərini Ermənistanın işğalından azad edərək tariximizin şanlı səhifələrindən birini yazdı. Bu tarixi qələbə xalqımızın sarsılmaz iradəsinin, milli birliyinin və Vətən sevgisinin təntənəsi oldu.
Qubadlının azadlığına qovuşmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, düşünülmüş hərbi-siyasi strategiyası və prinsipial mövqeyi mühüm rol oynadı. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Qubadlı şəhərinin azad edilməsi Vətən müharibəsində əldə olunan tarixi Zəfərin mühüm mərhələlərindən biri olmaqla, xalqımızın haqq və ədalət mübarizəsinin parlaq nəticəsi kimi yaddaşlara həkk olundu.
Bu gün Qubadlı yalnız azadlığın deyil, həm də dirçəlişin, yenidənqurmanın və Böyük Qayıdışın rəmzidir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə göstərdiyi xüsusi diqqət və qayğı, Qubadlıda həyata keçirilən bərpa-quruculuq layihələri doğma yurdun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Məqsəd Qubadlını müasir infrastruktura, geniş imkanlara və firavan həyata malik şəhərə çevirmək, sakinlərin doğma torpaqlarında təhlükəsiz və layiqli yaşayışını təmin etməkdir.
25 Oktyabr həm də Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad etdiyimiz, qazilərimizin qəhrəmanlığına minnətdarlığımızı bildirdiyimiz gündür. Bu Zəfər bizə bir daha sübut etdi ki, xalqın birliyi, dövlətin qətiyyəti və ordunun gücü qarşısında heç bir maneə dayana bilməz.
Ramil Mehdiyev,
YAP Nizami rayon təşkilatının ƏPT sədri



