AnalitikaGündəmSiyasət

25 Oktyabr – Qubadlı Şəhəri Günü

25 oktyabr Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin Ermənistanın işğalından azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsində mühüm mərhələ olmuşdur. Bu tarixi hadisə Azərbaycan Ordusunun qəhrəmanlığını, xalqımızın birliyini və dövlətimizin qətiyyətini nümayiş etdirmişdir.

Qubadlı rayonu Azərbaycanın zəngin tarixi-mədəni irsə malik bölgələrindən biridir. 1930-cu ildə yaradılmış rayon təbii sərvətləri, gözəl təbiəti, tarixi abidələri və milli-mənəvi dəyərləri ilə seçilmişdir. Qubadlı əhalisinin əsas məşğuliyyət sahələrini kənd təsərrüfatı, heyvandarlıq və digər təsərrüfat fəaliyyəti təşkil etmişdir. Rayonun əlverişli coğrafi mövqeyi onun iqtisadi və strateji əhəmiyyətini artırmışdır.

1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Qubadlıda əhali doğma yurdlarını tərk etmək məcburiyyətində qalmışdır. İşğal nəticəsində yaşayış məntəqələrinə, tarixi abidələrə və bölgənin infrastrukturuna ciddi ziyan dəymişdir. Buna baxmayaraq, Qubadlı sakinləri illər ərzində doğma torpaqlarına qayıtmaq ümidlərini itirməmiş, milli adət-ənənələrini və yurdlarına bağlılıqlarını qoruyub saxlamışlar.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmuşdur. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. 25 oktyabr 2020-ci ildə Qubadlı şəhərinin azad olunması hərbi-strateji baxımdan mühüm əhəmiyyət daşımış və Azərbaycanın tarixi Zəfərinə töhfə vermişdir. Bu qələbə uğrunda Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq göstərmiş, Vətən uğrunda canlarından keçən şəhidlərimiz xalqımızın yaddaşında əbədi yer tutmuşlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, hər il oktyabrın 25-i Qubadlı şəhəri günü kimi qeyd edilir. Bu qərar tarixi qələbənin əbədiləşdirilməsi, milli yaddaşın qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Qubadlı şəhərinin azad edilməsindən sonra bölgədə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılmışdır. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, enerji təminatının gücləndirilməsi, yaşayış məntəqələrinin salınması, təhsil və səhiyyə müəssisələrinin tikintisi istiqamətində layihələr həyata keçirilir. Bu tədbirlər rayonun sosial-iqtisadi inkişafına, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına və doğma yurda qayıdışın təmin edilməsinə xidmət edir. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən tədbirlər Qubadlının gələcək inkişafı üçün yeni imkanlar yaradır.

Qubadlı Şəhəri Günü gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli tariximizin öyrənilməsi və dövlətçilik ənənələrinə hörmətin gücləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Gənc nəslin üzərinə düşən əsas vəzifələrdən biri şəhidlərimizin əziz xatirəsini yaşatmaq, tarixi həqiqətləri öyrənmək, milli-mənəvi dəyərləri qorumaq və Azərbaycanın inkişafına öz töhfəsini verməkdir. Qubadlının azad edilməsi xalqımızın birliyinin, ordumuzun gücünün və Vətənə bağlılığın parlaq nümunəsidir.

25 oktyabr Azərbaycan xalqının qəhrəmanlıq tarixini, milli iradəsini və doğma torpaqlara bağlılığını əks etdirən əlamətdar gündür. Qubadlının azad edilməsi ilə başlayan yeni inkişaf mərhələsi bölgənin bərpasına, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına və şəhərin gələcəyinin yenidən qurulmasına zəmin yaratmışdır. Bu əlamətdar gün münasibətilə bütün Qubadlı sakinlərini və xalqımızı təbrik edir, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edirik.

Şərifli Sübhan,
YAP Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button