
20 noyabr 2020-ci il Ağdamın tarixində yeni bir səhifənin açıldığı gündür. Həmin gün 27 ildən artıq işğal altında qalan rayon nəhayət doğma Azərbaycanın nəzarətinə qaytarıldı. Bu hadisə təkcə ərazi bütövlüyünün bərpası baxımından deyil, həm də Azərbaycanın hərbi-siyasi strategiyasının uğurlu nəticəsi kimi xüsusi əhəmiyyət daşıyırdı. Ağdamın bir güllə belə atılmadan, siyasi razılaşma əsasında azad edilməsi Vətən müharibəsində qazanılmış hərbi üstünlüyün diplomatik müstəvidə konkret nəticəyə çevrilməsinin parlaq nümunəsi idi.
Ağdamın işğalı 1993-cü il iyulun 23-də Azərbaycanın üzləşdiyi ən ağır hərbi-siyasi itkilərdən biri oldu. Qarabağın düzənlik hissəsində yerləşən, mühüm coğrafi mövqeyə, iqtisadi potensiala və nəqliyyat-kommunikasiya imkanlarına malik rayonun itirilməsi Azərbaycanın müdafiə sisteminə ciddi zərbə vurdu. Ağdamın işğalı cəbhə xəttində qüvvələr nisbətini dəyişməklə yanaşı, ətraf ərazilərin təhlükəsizliyini də mürəkkəbləşdirdi. Bu, sadəcə bir rayonun itirilməsi deyil, Azərbaycanın Qarabağ istiqamətində strateji mövqelərinin zəifləməsi demək idi.
İşğalın yaratdığı mənəvi və humanitar fəsadlar isə daha ağır və ağrılı idi. Bir vaxtlar Azərbaycanın inkişaf etmiş şəhərlərindən biri olan Ağdam xarabalığa çevrildi. Yaşayış evləri, məktəblər, mədəniyyət müəssisələri, tarixi abidələr dağıdıldı, şəhərin bir vaxtlar qaynar olan həyatı susduruldu. On minlərlə insan doğma yurd-yuvasından didərgin düşərək illərlə qayıdış həsrəti ilə yaşamağa məcbur oldu. Ağdamın taleyi xalqımızın yaddaşında təkcə torpaq itkisi deyil, həm də milli-mənəvi yaddaşa vurulmuş ağır zərbə kimi qaldı. Təsadüfi deyil ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü il 29 iyul tarixli 853 saylı qətnaməsində Ağdamın ələ keçirilməsi pislənilmiş, işğalçı qüvvələrin rayondan çıxarılması tələb edilmişdi.
Lakin illərlə davam edən işğal 2020-ci ildə Azərbaycanın hərbi-siyasi iradəsi və Ordusunun gücü qarşısında sona yaxınlaşdı. Sentyabrın 27-də başlayan Vətən müharibəsi regionda mövcud status-kvonu kökündən dəyişdirdi. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları, xüsusilə noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin gedişində həlledici mərhələ oldu. Cəbhədə yaranmış yeni reallıq Ermənistanı hərbi-siyasi baxımdan ağır vəziyyətə saldı və üçtərəfli razılaşmanın əldə olunmasını şərtləndirən əsas amillərdən birinə çevrildi.
Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanata əsasən, Ağdam rayonunun noyabrın 20-dək Azərbaycana qaytarılması razılaşdırıldı. Beləliklə, həmin gün Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil oldu və 27 illik işğala son qoyuldu. Bu, hərbi əməliyyatların deyil, məhz hərbi qələbənin yaratdığı siyasi imkanların nəticəsi idi.
Ağdamın döyüşsüz azad edilməsinin başlıca əhəmiyyəti də elə bundadır. Azərbaycan strateji əhəmiyyətə malik böyük bir ərazini əlavə döyüşlərə, dağıntılara və insan tələfatına yol vermədən geri qaytardı. Ancaq bu nəticəni Vətən müharibəsində əldə olunmuş hərbi uğurlardan ayrı təsəvvür etmək mümkün deyil. Əksinə, Ağdamın siyasi razılaşma yolu ilə qaytarılması Azərbaycan Ordusunun döyüş meydanında yaratdığı reallığın diplomatik nəticəsi idi. Başqa sözlə, Azərbaycan əvvəlcə hərbi üstünlük qazandı, sonra isə bu üstünlüyü siyasi müstəvidə ərazi bütövlüyünün bərpasına yönəltdi.
Bu prosesdə Prezident İlham Əliyevin rolunu xüsusi qeyd etmək lazımdır. Vətən müharibəsi Azərbaycanın yalnız hərbi qüdrətini deyil, həm də siyasi rəhbərliyin hərbi və diplomatik imkanları vahid strategiya çərçivəsində uzlaşdırmaq qabiliyyətini nümayiş etdirdi. İlham Əliyevin rəhbərliyi altında döyüş meydanında əldə edilən uğurlar danışıqlar masasında Azərbaycanın mövqelərini gücləndirən əsas amilə çevrildi. Üçtərəfli bəyanatda Ağdamın qaytarılmasının konkret tarixlə təsbit edilməsi də bu strategiyanın mühüm nəticələrindən biri idi. Ağdamın nümunəsi bir daha göstərdi ki, müasir münaqişələrdə hərbi gücün əhəmiyyəti yalnız döyüş meydanındakı qələbə ilə ölçülmür. Əsas məsələ həmin gücü düzgün siyasi qərarlarla uzlaşdırmaq, əldə edilmiş üstünlüyü uzunmüddətli nəticəyə çevirməkdir. Ağdamın əlavə hərbi əməliyyatlar aparılmadan Azərbaycana qaytarılması məhz belə bir yanaşmanın nəticəsi idi. Bu baxımdan İlham Əliyev faktorunun əhəmiyyəti hərbi uğurların siyasi-diplomatik müstəvidə tamamlanmasında özünü göstərdi.
Ağdamın azad edilməsi ilə yeni bir mərhələnin – quruculuq və dirçəliş dövrünün də əsası qoyuldu. Uzun illər xarabalığa çevrilmiş şəhərin yenidən qurulması, infrastrukturun bərpası, iqtisadi potensialının dirçəldilməsi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi qarşıda duran əsas vəzifələrə çevrildi. Beləliklə, Ağdamın azadlığı yalnız keçmişin ağır işğal səhifəsinin bağlanması deyil, həm də gələcəyə yönəlmiş böyük quruculuq yolunun başlanğıcı oldu.
Ağdamın 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılması hərbi qələbənin siyasi iradə və diplomatik strategiya ilə tamamlanmasının mühüm tarixi nümunəsidir. Bu hadisə bir daha sübut etdi ki, Azərbaycanın məqsədi yalnız işğal olunmuş torpaqları geri qaytarmaq deyil, həm də həmin torpaqlarda həyatı yenidən canlandırmaqdır. Ağdamın qayıdışı illərlə yurd həsrəti ilə yaşayan insanların ümidlərinin gerçəkləşməsi, milli yaddaşın bərpası və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi yolunda mühüm mərhələ kimi tarixə düşdü.
Həcər Ramazanova,
Bakı şəhəri, Pirallahı rayonu 186 nömrəli tam orta ümumtəhsil məktəbinin
Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı



