
Azərbaycan ilə Vyetnam arasında iqtisadi-ticari əlaqələr ardıcıl və davamlı artım dinamikası ilə seçilir. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə 19 noyabr 2026-cı ildə verdiyi müsahibədə ikitərəfli ticarətin mövcud göstəriciləri və gələcək imkanları ətraflı təhlil olunub. Dövlət başçısı qeyd edib ki, 2025-ci ilin yekunlarına görə iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, bu rəqəm ölkələrin real iqtisadi potensialını tam əks etdirmir və qarşılıqlı ticarətin genişləndirilməsi üçün böyük ehtiyatlar mövcuddur. Prezident İlham Əliyev vurğulayıb: “Bununla yanaşı, bu göstərici hələ ki, real imkanları əks etdirmir: hər iki tərəf qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensiala malikdir.” Bu yanaşma mövcud nailiyyətlərlə kifayətlənməyərək, ticarət nomenklaturasının şaxələndirilməsi və birgə biznes təşəbbüslərinin təşviq edilməsi zərurətini ortaya qoyur. İqtisadi əməkdaşlığın ənənəvi və strateji dayağını neft-qaz sektoru təşkil edir. Sovet dövründən bəri tərəfdaşlığın təməl daşlarından biri olan bu sahə müasir dövrdə yeni institusional mexanizmlərlə dəstəklənir. Dövlət başçısı müsahibədə SOCAR ilə “PetroVietnam” arasında əlaqələrin möhkəmləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft və qazın kəşfiyyatı və işlənməsi, texniki xidmətlər, eləcə də mütəxəssislərin hazırlanması kimi mühüm istiqamətləri əhatə edir. Bu əməkdaşlıq həm texnoloji təcrübə mübadiləsini, həm də enerji sahəsində kadr potensialının inkişafını stimullaşdırır. Enerji sektorundakı əlaqələr iki ölkənin uzunmüddətli iqtisadi qarşılıqlı fəaliyyətinin etibarlı sütunu olaraq qalır. Son illər iqtisadi münasibətlərdə diqqət çəkən mühüm cəhətlərdən biri də Vyetnam biznesinin Azərbaycan bazarında fəallığının artmasıdır. Prezident İlham Əliyev Vyetnam şirkətlərinin Azərbaycandakı iştirakını ikitərəfli iqtisadi əlaqələrin mühüm tərkib hissəsi kimi qiymətləndirib. Bu sahədə “ROX Group” şirkətinin fəaliyyəti xüsusi nümunə kimi qeyd olunub. Həmin şirkət tikinti, infrastrukturun inkişafı, eləcə də günəş və külək enerjisi sahələrində layihələrə maraq göstərir. 2026-cı ilin sentyabrında Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ROX Group” ilə müvafiq sazişlərin imzalanması praktiki əməkdaşlığın real nəticəsidir. Bərpaolunan enerji və infrastruktur layihələri iqtisadi əməkdaşlığı ənənəvi sahələrdən yaşıl və müasir iqtisadiyyat istiqamətlərinə doğru genişləndirir.
İki ölkənin iqtisadi potensialının birləşdirilməsi həm daxili bazarlara, həm də üçüncü ölkələrin bazarlarına çıxış baxımından yeni imkanlar açır. Azərbaycanın əlverişli investisiya mühiti, sabit makroiqtisadi göstəriciləri və Vyetnamın sürətli sənaye-iqtisadi inkişafı tamamlayıcı üstünlüklər yaradır. Kənd təsərrüfatı, emal sənayesi, rəqəmsal həllər, turizm və logistika kimi sahələrdə birgə müəssisələrin yaradılması ticarət dövriyyəsinin sürətli artımına təkan verə bilər. İşgüzar dairələr arasında birbaşa əlaqələrin genişləndirilməsi və investisiya forumlarının səmərəli istifadəsi bu prosesi daha da sürətləndirir. Müsahibədən aydın olur ki, tərəflər iqtisadi əlaqələri yalnız ticarət statistikası ilə məhdudlaşdırmır, uzunmüddətli sərmayə və sənaye kooperasiyası səviyyəsinə çıxarmağı hədəfləyir. Nəticədə, Azərbaycan–Vyetnam iqtisadi tərəfdaşlığı daha şaxələnmiş, dayanıqlı və nəticəyönümlü mərhələyə daxil olur.
Həmidə Mansurova,
BANM-nin tələbəsi, Nizami rayon fəalı



