Media subyektləri məhsullarının təqdim edilməsi ƏDV-dən azad edildi
Media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi əlavə dəyər vergisindən azad edilib.
Reportyorinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Sənədə əsasən, Məcəlləyə aşağıdakı dəyişikliklər edilir:
– 102.1.38-ci maddənin sonunda aşağıdakı məzmunda 102.1.39-cu maddə əlavə edilsin:
“102.1.39. media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə.”;
– 106.1.31-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 106.1.32-ci maddə əlavə edilsin:
“106.1.32. media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə.”;
– aşağıdakı məzmunda 164.1.8-1-ci maddə əlavə edilsin:
“164.1.8-1. media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə;”;
– 218-1.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 218-1.1.7-ci maddə əlavə edilsin:
“218-1.1.7. media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə.”.
Bu Qanun 2023-cü il yanvarın 1-dən tətbiq edilir.