AnalitikaGündəmSiyasət

Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin yeni mərhələsi

Azərbaycan və Türkiyə xalqları tarix, dil, mədəniyyət və mənəvi dəyərlərlə bir-birinə sıx bağlı olan qardaş xalqlardır. Bu münasibətlər müstəqillik illərində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, xüsusilə Vətən müharibəsindən sonra yeni mərhələyə qədəm qoymuşdur. 2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərin ən yüksək səviyyəsini müəyyən edən mühüm siyasi sənəd kimi tarixə düşmüşdür.

Şuşa Bəyannaməsinin məhz Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində imzalanması xüsusi rəmzi məna daşıyır. Bu sənəd Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Zəfərin siyasi nəticələrindən biri hesab olunur. Bəyannamə Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Sənəddə siyasi, iqtisadi, hərbi, müdafiə sənayesi, enerji, nəqliyyat, humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Xüsusilə təhlükəsizlik məsələləri ilə bağlı müddəalar diqqəti cəlb edir. Bəyannaməyə əsasən, tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə və ya ərazi bütövlüyünə qarşı təhdid yarandığı halda qarşılıqlı məsləhətləşmələr aparılacaq və zəruri tədbirlər görüləcəkdir. Bu, iki qardaş dövlət arasında strateji müttəfiqliyin hüquqi əsaslarının daha da gücləndirildiyini göstərir.

Şuşa Bəyannaməsi regionda sülhün və sabitliyin təmin olunmasına da mühüm töhfə verir. Sənəddə beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, regional əməkdaşlığın inkişafı və kommunikasiya xətlərinin açılmasının əhəmiyyəti vurğulanır. Bununla yanaşı, Türk dünyasının birliyinin möhkəmləndirilməsi və ortaq dəyərlərin qorunması istiqamətində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

İqtisadi sahədə əməkdaşlığın inkişafı, enerji layihələrinin həyata keçirilməsi, nəqliyyat dəhlizlərinin genişləndirilməsi və investisiya imkanlarının artırılması Bəyannamənin əsas istiqamətlərindəndir. Bu əməkdaşlıq yalnız Azərbaycan və Türkiyənin deyil, bütövlükdə regionun iqtisadi inkişafına müsbət təsir göstərir.

Şuşa Bəyannaməsi həmçinin elm, təhsil, mədəniyyət və gənclər siyasəti sahələrində əlaqələrin genişləndirilməsini təşviq edir. Bu istiqamətdə həyata keçirilən layihələr iki ölkə arasında humanitar inteqrasiyanın daha da dərinləşməsinə şərait yaradır.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf tarixində mühüm mərhələdir. Bu sənəd iki qardaş ölkə arasında strateji müttəfiqliyin yeni modelini formalaşdırmış, siyasi, iqtisadi və hərbi əməkdaşlığın daha da genişlənməsinə güclü zəmin yaratmışdır. Bəyannamənin imzalanması regional təhlükəsizlik, sabitlik və inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin “Bir millət, iki dövlət” prinsipinə əsaslanan münasibətlərinin ən parlaq təzahürlərindən biri kimi qiymətləndirilir.

Şəhla Xəlilova,
YAP Yasamal rayonu Elm və Təhsil Nazirliyi, Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button