AnalitikaGündəmSiyasət

Bakı beynəlxalq dialoqun nüfuzlu ünvanı kimi

Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi, dünya dövlətləri ilə qarşılıqlı etimada və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlərinin genişlənməsi ölkəmizin müasir inkişaf tarixinin mühüm xüsusiyyətlərindəndir. Bu gün Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, qlobal məsələlərin müzakirəsində fəal iştirak göstərməsi və müxtəlif dövlətlər arasında dialoqun inkişafına töhfə verməsi onun artan siyasi çəkisinin, iqtisadi potensialının və diplomatik imkanlarının göstəricisidir. Cari ilin oktyabr ayınln 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün keçirilməsi də ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu mövqenin əhəmiyyətini bir daha nümayiş etdirdi.
Azərbaycanın bu mövqeyə yüksəlməsi tarixi dövlətçilik ənənələrinə, ardıcıl siyasi kursa və milli maraqlara əsaslanan inkişaf strategiyasına söykənir. Bu proseslərin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik xətti dayanır. 1993-cü ilin ortalarından sonra ölkədə siyasi sabitliyin təmin olunması, dövlət institutlarının möhkəmləndirilməsi, milli maraqlara əsaslanan xarici siyasətin formalaşdırılması və beynəlxalq əlaqələrin genişləndirilməsi Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin yaratdı. Ulu Öndər Heydər Əliyev müstəqil dövlətçiliyin qorunmasını, Azərbaycanın dünya birliyində layiqli yer tutmasını və milli mənafelərin beynəlxalq müstəvidə müdafiəsini dövlət siyasətinin başlıca istiqamətlərindən birinə çevirdi.
Prezident cənab İlham Əliyev bu strateji siyasi kursu müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirərək Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, iqtisadi imkanlarının genişlənməsinə və regional əməkdaşlıqda rolunun artmasına nail olunması istiqamətində ardıcıl fəaliyyət göstərir. Ölkəmizin enerji təhlükəsizliyinə, nəqliyyat bağlantılarına, regional sabitliyə və beynəlxalq əməkdaşlığa verdiyi töhfələr Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası isə dövlətimizin siyasi tarixində yeni mərhələ açmaqla yanaşı, milli maraqlarımızın müdafiəsi baxımından da mühüm nəticə oldu.
Bakıda keçirilən beynəlxalq tədbirlərin əhəmiyyəti onların təşkilati miqyası ilə məhdudlaşmır. Bu toplantılar Azərbaycanın dövlətlərarası dialoqun inkişafına, ortaq maraqların uzlaşdırılmasına və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsinə verdiyi töhfəni nümayiş etdirir. Belə tədbirlərin yüksək səviyyədə təşkili ölkəmizin müasir infrastrukturunu, təşkilati imkanlarını, diplomatik təcrübəsini və beynəlxalq əməkdaşlığa açıq mövqeyini ortaya qoyur. Azərbaycanın müxtəlif beynəlxalq platformalara ev sahibliyi etməsi həm artan nüfuzunun nəticəsi, həm də həmin nüfuzun daha da möhkəmlənməsinə xidmət edən amildir.
AQEM-in 7-ci Zirvə Görüşü bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Asiya dövlətləri arasında etimadın möhkəmləndirilməsini, qarşılıqlı fəaliyyətin genişləndirilməsini və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafını hədəfləyən bu platformanın Bakıda toplanması Azərbaycanın Asiya ilə Avropa arasında əlaqələndirici mövqeyini bir daha ön plana çıxardı. Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avrasiya məkanında birləşdirici mərkəz kimi artan rolunu vurğulayaraq ölkəmizin siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığının regional təhlükəsizliyə verdiyi töhfəni diqqətə çatdırdı.
Dövlət başçısının çıxışında Azərbaycanın müstəqil xarici siyasətinin əsas prinsipləri də geniş yer aldı. Bərabərhüquqluluq, dövlətlərin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyünə və suverenliyinə hörmət ölkəmizin beynəlxalq münasibətlərə yanaşmasının mühüm dayaqlarıdır. Prezident İlham Əliyev dövlətlərarası münaqişələrin həllində ikili standartların və seçici yanaşmaların tətbiqinə qarşı Azərbaycanın mövqeyini ifadə edərək beynəlxalq hüququn bütün dövlətlərə eyni prinsiplərlə tətbiq edilməsinin vacibliyini önə çəkdi. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, beynəlxalq hüquq normaları siyasi maraqlardan asılı olmayaraq, ardıcıl və ədalətli şəkildə həyata keçirilməlidir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın Ermənistanın uzun illər davam edən işğalçılıq siyasəti ilə bağlı yaşadığı tarixi ədalətsizliklərə xüsusi diqqət yetirilməsi də təsadüfi deyildi. Dövlət başçısı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizinin uzun müddət işğal altında saxlanıldığını, azərbaycanlıların öz doğma torpaqlarından qovulduğunu və etnik təmizləməyə məruz qaldığını xatırlatdı. O, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən dörd qətnamənin uzun illər icra edilməməsini beynəlxalq sistemdə mövcud olan ciddi problemlərdən biri kimi göstərdi.
Bu məqamların beynəlxalq auditoriya qarşısında səsləndirilməsi Azərbaycanın keçdiyi tarixi yolun, xalqımızın üzləşdiyi faciələrin və beynəlxalq hüququn icrasında yaranmış problemlərin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətlidir. Otuz ilə yaxın davam edən işğal dövrü Azərbaycanın ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin başlıca məqsədlərindən birinə çevirmişdi. Həmin illərdə beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasının təmin olunmaması isə münaqişənin dinc yolla həlli imkanlarını zəiflətdi. Prezident İlham Əliyevin çıxışında bu tarixi təcrübəyə istinad edilməsi yalnız keçmiş hadisələrin xatırladılması deyil, gələcəkdə oxşar münaqişələrin qarşısının alınması üçün beynəlxalq mexanizmlərin səmərəliliyinə dair çağırış kimi də qiymətləndirilməlidir.
Azərbaycanın tarixi Zəfərləri çıxışın əsas istiqamətlərindən birini təşkil edirdi. Prezident İlham Əliyev 2020-ci ildə baş vermiş Vətən müharibəsinin 44 gün davam etdiyini və həmin müddətdə Azərbaycan Ordusunun işğal altındakı 300-dən çox şəhər və kəndi azad etdiyini bildirdi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması münaqişənin gedişində yeni mərhələ açsa da, ölkəmizin suverenliyinin tam bərpası məsələsi hələ həll olunmamışdı. Dövlət başçısının çıxışında vurğulandığı kimi, Azərbaycan sonrakı dövrdə bu məsələnin sülh yolu ilə həllinə çalışdı. Lakin yaranmış vəziyyətin davam etməsi və Azərbaycanın təhlükəsizlik maraqlarının qorunması zərurəti 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə nəticələndi. Cəmi bir sutkadan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın Qarabağ bölgəsində separatizmin mövcudluğuna son qoyuldu, dövlət suverenliyi və ərazi bütövlüyü tam bərpa edildi. Prezident İlham Əliyevin bu hadisələri beynəlxalq tribunadan xatırlatması Azərbaycan dövlətinin ərazi bütövlüyü məsələsində qətiyyətli mövqeyini və ölkəmizin öz suveren hüquqlarını təmin etmək əzmini ifadə edirdi. Uzun illər ərzində həllini tapmayan münaqişənin başa çatması Azərbaycan tarixində yeni dövrün başlanğıcı oldu. Bu Zəfər dövlətin siyasi iradəsinin, ordunun gücünün və xalqın milli birliyinin əhəmiyyətini göstərən tarixi nəticə kimi dəyərləndirilir.
Dövlət başçısı çıxışında Azərbaycanın qazandığı Qələbənin yalnız milli əhəmiyyət daşımadığını, beynəlxalq münasibətlər baxımından da mühüm nəticələr doğurduğunu vurğuladı. O, beynəlxalq təşkilatların qərar və qətnamələrinin icrasını təmin edən təsirli mexanizmlərin yaradılmasının vacibliyinə diqqət çəkdi. Bu fikrin əsas mahiyyəti ondan ibarətdir ki, beynəlxalq hüquq normalarının yalnız bəyanat və sənədlərdə əks olunması kifayət deyil; onların real həyatda həyata keçirilməsi üçün siyasi iradə və işlək mexanizmlər də mövcud olmalıdır. Əks halda, uzunmüddətli münaqişələrin davam etməsi və yeni qarşıdurmaların yaranması təhlükəsi qalır.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın müharibədən sonrakı davranışına dair səsləndirdiyi fikirlər də xüsusi diqqətə layiqdir. Dövlət başçısı bildirdi ki, Azərbaycan müharibədə qələbə qazandıqdan və işğala son qoyduqdan sonra Ermənistandan qisas almaq siyasəti yürütməyib, əksinə, sülh təklif edib. Bu mövqe hərbi qələbənin siyasi nəticələrinin necə dəyərləndirildiyini göstərən mühüm məqamdır. Azərbaycanın qarşısında duran vəzifə ərazi bütövlüyünü və suverenliyini təmin etməklə yanaşı, regionda davamlı sülhün bərqərar olması üçün imkanlar yaratmaqdır.
Bununla belə, Prezident sülhün hələ də kövrək olduğunu və onun qorunub möhkəmləndirilməsinin vacibliyini xüsusi qeyd etdi. Bu fikir regionda dayanıqlı sabitliyin yalnız hərbi əməliyyatların başa çatması ilə təmin olunmadığını göstərir. Sülhün möhkəmlənməsi üçün dövlətlər arasında qarşılıqlı etimadın yaranması, beynəlxalq hüquqa hörmət edilməsi və əldə olunan razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi vacibdir. Azərbaycan üçün sülh gündəliyinin əhəmiyyəti də məhz bundan ibarətdir: milli maraqların qorunması ilə yanaşı, regionun gələcək inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə və təhlükəsizliyin güclənməsinə şərait yaratmaq.
Zirvə Görüşünün digər mühüm nəticələrindən biri Laos Xalq Demokratik Respublikasının AQEM-ə yeni üzv dövlət kimi qəbul edilməsi oldu. Bu qərar təşkilatın coğrafi əhatəsinin genişlənməsinə və Asiya məkanında çoxtərəfli dialoq imkanlarının artmasına xidmət edir. Azərbaycanın sədrliyi dövründə belə bir qərarın qəbul edilməsi ölkəmizin təşkilatın inkişafına verdiyi töhfənin konkret nümunəsidir. Prezident İlham Əliyev, həmçinin AQEM çərçivəsində nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın təşviq edildiyini qeyd etdi. Üzv dövlətlərin dəstəyi ilə Azərbaycanın sədrliyinin daha iki il müddətinə uzadılması təklifinə verilən dəstək də ölkəmizin bu platformadakı fəaliyyətinə göstərilən etimadın ifadəsi oldu.
Bakı Zirvəsi bir daha göstərdi ki, Azərbaycanın beynəlxalq mövqeyi yalnız coğrafi üstünlüklərlə və iqtisadi imkanlarla müəyyənləşmir. Bu mövqe, eyni zamanda, milli maraqların müdafiəsi, müstəqil xarici siyasət, çoxtərəfli əməkdaşlıqda fəallıq və beynəlxalq gündəlikdə duran məsələlərə dair konkret mövqe ortaya qoymaq bacarığı ilə formalaşır. Ölkəmizin müxtəlif dövlətləri bir araya gətirən beynəlxalq tədbirlərə ev sahibliyi etməsi diplomatik əlaqələrin inkişafına, qarşılıqlı anlaşmanın genişlənməsinə və regional əməkdaşlığın güclənməsinə imkan yaradır.
Beləliklə, Prezident cənab İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın beynəlxalq nüfuzunu, tarixi Zəfərlərinin siyasi əhəmiyyətini və regionda davamlı sülhə dair mövqeyini əks etdirən mühüm siyasi məzmun daşıyır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə, milli maraqların qorunmasına və müstəqil siyasətin həyata keçirilməsinə xidmət edir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, eyni zamanda, sülh və əməkdaşlıq gündəliyini irəli sürməsi dövlətimizin gələcəyə yönəlmiş strateji baxışını nümayiş etdirir. Bakı Zirvəsi bu baxımdan həm ölkəmizin qazandığı tarixi nailiyyətlərin beynəlxalq müstəvidə təqdimatı, həm də qarşılıqlı etimada əsaslanan əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma kimi yadda qaldı.

Vasif Nəbiyev,
YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button