
Azərbaycanın son illərdə keçdiyi möhtəşəm yol bir həqiqəti aydın şəkildə ortaya qoyub: dövlətin gücü yalnız iqtisadi göstəricilər və hərbi imkanlarla ölçülmür, bu gücün arxasında xalqın milli iradəsi, cəmiyyətin həmrəyliyi və dövlətçilik düşüncəsi dayanır. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin ideoloji təhlükəsizliyə xüsusi diqqət yetirməsi də məhz bu reallıqdan irəli gəlir. Müasir dünyada informasiya məkanının sərhədsiz olduğu, sosial şəbəkələrin və rəqəmsal texnologiyaların ictimai düşüncəyə güclü təsir göstərdiyi bir şəraitdə milli-mənəvi dəyərlərin qorunması, tarixi həqiqətlərin düzgün çatdırılması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi strateji əhəmiyyət daşıyır. Prezident nitqində təhsilin və vətənpərvərliyin ideoloji təxribatlara qarşı əsas vasitələrdən olduğunu xüsusi vurğulayıb.
Bu baxımdan şəhər və rayonlarda keçirilən müşavirələr yalnız görülən işlərin hesabatına çevrilməməli, eyni zamanda cəmiyyətin qarşısında duran mənəvi və ideoloji vəzifələrin müzakirə olunduğu mühüm düşüncə məkanına çevrilməlidir. İnsanlara Azərbaycanın keçdiyi yolun həqiqətləri sadə, anlaşıqlı və müasir vasitələrlə çatdırılmalı, xüsusilə gənclərin dövlətçilik tariximizə bağlılığı daha da gücləndirilməlidir. Azərbaycan xalqının böyük Zəfəri yalnız döyüş meydanında qazanılmış hərbi üstünlük deyil, həm də milli iradənin, birlik və əzmkarlığın təntənəsidir. Bu tarixi həqiqətin gələcək nəsillərə ötürülməsi hər bir ziyalının, ictimai fəalın, müəllimin, gəncin və siyasi təşkilat üzvünün mənəvi məsuliyyətidir. Çünki tarixini bilən, dövlətinin uğurları ilə fəxr edən və gələcəyə inamla baxan cəmiyyət qarşısında yaranan heç bir ideoloji maneə uzun müddət davam gətirə bilməz.
Yeni mərhələdə YAP fəallarının qarşısında dayanan mühüm vəzifələrdən biri də ideoloji fəaliyyəti müasir dövrün tələblərinə uyğunlaşdırmaq, formal yanaşmalardan uzaqlaşaraq insanlarla canlı ünsiyyəti gücləndirməkdir. Hər bir rayonun özünəməxsus sosial mühiti, gəncləri, ziyalıları, əmək kollektivləri və ictimai fəalları var və ideoloji iş məhz bu xüsusiyyətlər nəzərə alınmaqla qurulmalıdır. Dövlət siyasətinin mahiyyətini, Azərbaycanın qazandığı nailiyyətlərin səbəblərini və qarşıda duran məqsədləri cəmiyyətə düzgün çatdırmaqla milli birlik daha da möhkəmləndirilə bilər. Bu birlik isə Azərbaycanın gələcək uğurlarının görünməyən, lakin ən möhkəm sütunlarından biridir. Prezidentin qurultay nitqində də müasir ideoloji işin həqiqətlərin cəmiyyətə çatdırılması və ölkənin inkişafının düzgün təqdim olunması üzərində qurulmasının vacibliyi vurğulanıb.
Roman Tağıyev,
YAP Xəzər rayon təşkiılatının fəalı



