AnalitikaGündəmSiyasət

İnsan amili Azərbaycanın inkişaf siyasətinin mərkəzində

Hər bir dövlətin inkişafının arxasında böyük iqtisadi göstəricilər, müasir infrastruktur və genişmiqyaslı layihələrlə yanaşı, ən mühüm amil olan insan dayanır. Azərbaycanın son illərdə əldə etdiyi uğurların mühüm xüsusiyyətlərindən biri də dövlət siyasətində insan amilinin daim diqqət mərkəzində saxlanılmasıdır. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qarşıya qoyulan vəzifələr də bu baxımdan xüsusi məna daşıyır. Çünki dövlətin gücü yalnız onun beynəlxalq mövqeyi ilə deyil, vətəndaşının öz ölkəsində nə dərəcədə təhlükəsiz, rahat və inamlı hiss etməsi ilə də ölçülür. Sosial layihələrin genişləndirilməsi, yeni iş imkanlarının yaradılması, regionların inkişafı, təhsil və səhiyyə sahəsində görülən tədbirlər insanların həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bu siyasətin mahiyyətində isə sadə və aydın bir məqsəd dayanır: güclü dövlətin imkanları vətəndaşın rifahında öz əksini tapmalıdır.

Şəhər və rayonlarda qarşıya qoyulan vəzifələrin icrasında insanlarla canlı təmasın xüsusi əhəmiyyəti vardır. Çünki hər bir bölgənin özünəməxsus problemləri, imkanları və sosial xüsusiyyətləri mövcuddur. Bir rayonda əsas məsələ məşğulluq imkanlarının artırılmasıdırsa, digər bölgədə kənd təsərrüfatının inkişafı, turizm potensialından istifadə və ya gənclərin ictimai fəaliyyətə cəlb edilməsi ön plana çıxa bilər. Bu məsələlərin hər biri ümumi dövlət siyasətinin yerli müstəvidə konkret nəticəyə çevrilməsini tələb edir. Müşavirələr zamanı yalnız görülmüş işlər sadalanmamalı, həm də insanların gözləntiləri dinlənilməli, onların təşəbbüslərinə diqqət yetirilməli və real nəticələrə hesablanmış təkliflər irəli sürülməlidir. İnsan öz fikrinin eşidildiyini, əməyinin qiymətləndirildiyini və yaşadığı ərazinin inkişafında iştirak etdiyini hiss etdikdə dövlətə olan inamı daha da möhkəmlənir.

İnsan amilinə əsaslanan inkişaf siyasəti eyni zamanda sosial məsuliyyət və həmrəylik mədəniyyətinin gücləndirilməsini nəzərdə tutur. Cəmiyyətin gücü yalnız dövlətin həyata keçirdiyi proqramlarla deyil, insanların bir-birinə münasibəti, ehtiyacı olanlara göstərilən diqqət və ictimai təşəbbüslərdə fəal iştirakla da müəyyən olunur. Bu baxımdan YAP üzvlərinin və fəallarının qarşısında mühüm missiya dayanır. Onlar yalnız siyasi proseslərin iştirakçısı deyil, həm də yaşadıqları ərazilərdə ictimai həmrəyliyin, vətəndaş məsuliyyətinin və sosial fəallığın nümunəsi olmalıdırlar. Prezident İlham Əliyevin VIII Qurultayda müəyyən etdiyi yeni mərhələnin əsas ruhu da məhz bu yanaşmanı tələb edir. Güclü Azərbaycan yalnız möhkəm iqtisadiyyatı və qüdrətli ordusu ilə deyil, öz insanına dəyər verən, onun gələcəyinə inanan və hər bir vətəndaşını ümumi inkişaf prosesinin ayrılmaz hissəsi hesab edən dövlət kimi daha da ucalacaq.

Aydın İsmayılov,
YAP Xəzər rayon təşkiılatının fəalı 

Oxşar Xəbərlər

Back to top button