Şuşa – Azərbaycan Bayrağının əbədi dalğalandığı müqəddəs məkan

Azərbaycan Bayrağı xalqımızın müstəqilliyini, dövlət suverenliyini və milli kimliyini ifadə edən ən müqəddəs rəmzlərimizdən biridir. Bu Bayrağın Şuşada dalğalanması isə xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyır. Çünki uzun illər işğal altında qalan bu şəhərin azadlığı xalqımızın milli qürurunun və dövlətçilik iradəsinin bərpası demək idi.
1992-ci il mayın 8-də Şuşanın işğal edilməsi Azərbaycan xalqı üçün ağır faciə oldu. Şəhərin tarixi abidələri dağıdıldı, sakinləri doğma yurdlarından didərgin düşdü. Lakin xalqımız Şuşanın azad olunacağına inamını heç vaxt itirmədi. Dövlətimiz bu məqsədə nail olmaq üçün bütün istiqamətlərdə gücləndi, Azərbaycan Ordusu müasir və qüdrətli hərbi qüvvəyə çevrildi.
2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Azərbaycan tarixinin ən şərəfli hadisələrindən biri oldu. 2021-ci il yanvarın 14-də Prezident İlham Əliyev Şuşaya səfəri zamanı şəhərdə Azərbaycan Bayrağını ucaltdı. Bu tarixi an xalqımızın yaddaşına əbədi həkk olundu. Bayrağımızın Şuşada dalğalanması dövlət suverenliyimizin və tarixi ədalətin bərpasının parlaq ifadəsi idi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər Azərbaycan Ordusunun gücünü və hərbçilərimizin qəhrəmanlığını nümayiş etdirdi. Şuşa döyüşlərində əsgər və zabitlərimiz mürəkkəb dağlıq ərazidə böyük şücaət göstərərək düşmənin müdafiəsini yarmağa nail oldular. Onların fədakarlığı nəticəsində şəhər yenidən öz həqiqi sahiblərinə qovuşdu.
Bu gün Şuşada dalğalanan Azərbaycan Bayrağı xalqımızın birliyini, müstəqilliyini və gələcəyə inamını təcəssüm etdirir. Şuşa Şəhəri Günü münasibətilə dövlətimizin bayrağını bu müqəddəs torpaqda ucaldan qəhrəmanlarımızı ehtiramla anırıq. Bayrağımız Şuşada daim dalğalanacaq, Azərbaycan xalqının Zəfər tarixini gələcək nəsillərə çatdıracaq.
Ülkər Məmmədova,
YAP Nizami rayon təşkilatının “Azər Manafov küçəsi, 130” ərazi partiya təşkilatının sədr müavini



