AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Şuşa – Azərbaycan musiqisinin və muğamının əbədi ünvanı

Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirən şəhərlər arasında Şuşanın xüsusi yeri var. Bu qədim şəhər musiqi ənənələrinin formalaşmasında, muğam sənətinin inkişafında və milli ifaçılıq məktəbinin yaranmasında mühüm rol oynayıb. Şuşa əsrlər boyu Azərbaycanın musiqi beşiyi kimi tanınıb və bu şöhrətini bu gün də qoruyub saxlayır.

Şuşa xalqımıza Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Seyid Şuşinski və digər görkəmli sənətkarlar bəxş edib. Onların yaradıcılığı Azərbaycan musiqisinin inkişafında yeni mərhələ açıb, milli sənətimizi dünya səviyyəsində tanıdıb. Bu sənətkarların irsi Şuşanın mədəni kimliyinin ayrılmaz hissəsidir.

2020-ci il noyabrın 8-də şəhərin azad edilməsi ilə onun musiqi həyatının yenidən dirçəlməsi üçün tarixi imkan yarandı. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bu şəhərin milli mədəniyyət sistemindəki əhəmiyyətini bir daha təsdiqlədi. Dövlət tərəfindən musiqi və mədəniyyət ənənələrinin bərpasına xüsusi diqqət yetirilir.

Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı milli musiqimizin təbliği baxımından mühüm platformaya çevrilib. Müxtəlif ölkələrdən gələn sənətçilərin iştirakı ilə təşkil olunan festival Şuşanın beynəlxalq mədəniyyət məkanına çevrilməsinə xidmət edir. Burada səslənən muğam və xalq musiqisi şəhərin tarixi ruhunu yenidən canlandırır.

Şuşa bu gün də Azərbaycan musiqisinin əbədi ünvanıdır. Şəhərin azadlığı ilə xalqımız öz musiqi irsinə daha geniş şəkildə sahib çıxmaq imkanı qazandı. Şuşa Şəhəri Günü münasibətilə bu mədəniyyət beşiyinin inkişafına töhfə verən sənətkarlarımızı ehtiramla yad edirik.

Sevda Lalayeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 74” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button