AnalitikaGündəmSiyasət

Yeni Azərbaycan Partiyası – dünənin tarixi, bu günün gücü, gələcəyin təminatı

21 noyabr 1992-ci il – Yeni Azərbaycan Partiyasının təsis konfransı

Hər bir xalqın tarixində taleyüklü məqamlar, gələcək inkişaf yolunu müəyyən edən mühüm qərarlar və milli iradənin siyasi gücə çevrildiyi hadisələr var. Yeni Azərbaycan Partiyasının yaranması da məhz belə tarixi hadisələrdən biridir. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransı Azərbaycanın mürəkkəb siyasi şəraitdən çıxış yolunun müəyyənləşdirilməsi, dövlətçilik maraqlarının qorunması və milli birliyin təmin olunması baxımından mühüm mərhələyə çevrildi. Həmin gün əsası qoyulan siyasi təşkilat sonrakı illərdə ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvəyə, xalqın etimadını qazanan ümumxalq partiyasına çevrildi.

Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri partiyanın keçdiyi tarixi yolu, qazandığı nailiyyətləri və qarşıya qoyduğu strateji məqsədləri özündə ehtiva edir. Bu, sadəcə siyasi təşkilatın fəaliyyətinə verilən qiymət deyil, həm də onun dövlətçilik tariximizdəki yerini və məsuliyyətini ifadə edən mühüm ideoloji yanaşmadır.

Yeni Azərbaycan Partiyasının yaranması təsadüfi siyasi prosesin nəticəsi deyildi. Bu, ölkənin gələcəyindən narahat olan, dövlətçiliyin qorunmasını, siyasi sabitliyin bərqərar edilməsini və Azərbaycanın müstəqil inkişaf yoluna çıxmasını istəyən insanların tarixi zərurətdən doğan təşəbbüsü idi. Həmin dövrdə ölkədə hökm sürən siyasi böhran, idarəetmədəki səriştəsizlik, hakimiyyət uğrunda mübarizə və dövlət müstəqilliyinin təhlükə altına düşməsi cəmiyyətdə güclü siyasi iradəyə və xilaskar liderə ehtiyac yaratmışdı.

Belə bir şəraitdə ziyalıların müraciəti və Ulu Öndər Heydər Əliyevin bu çağırışa müsbət cavabı Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Naxçıvanda keçirilən təsis konfransında Heydər Əliyevin partiyanın Sədri seçilməsi xalqın ona olan inamının, siyasi təcrübəsinə və liderlik keyfiyyətlərinə verdiyi yüksək dəyərin ifadəsi idi. Bu qərar həm də Azərbaycanın gələcək inkişaf istiqamətini müəyyənləşdirən mühüm siyasi seçim idi.

YAP qısa müddətdə cəmiyyətin müxtəlif təbəqələrini öz ətrafında birləşdirərək milli həmrəyliyin və siyasi sabitliyin əsas dayaqlarından birinə çevrildi. Partiyanın yaranması ilə Azərbaycanda dövlətçilik maraqlarını ön plana çəkən, milli ideallara söykənən və ölkənin gələcəyinə məsuliyyətlə yanaşan yeni siyasi düşüncə formalaşdı.

Tarixi qərardan tarixi Zəfərə

Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyəti Azərbaycan dövlətinin möhkəmlənməsi, müstəqilliyin dönməz xarakter alması və milli maraqların ardıcıl müdafiəsi ilə sıx bağlıdır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının formalaşdırılması, iqtisadi inkişafın əsaslarının yaradılması və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Məhz həmin dövrdə müəyyənləşdirilən strateji inkişaf xətti müasir Azərbaycanın siyasi, iqtisadi və diplomatik uğurlarının təməlini təşkil etdi.

Prezident İlham Əliyevin YAP-ın VIII qurultayında səsləndirdiyi “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi” fikri bu tarixi bağlılığı aydın şəkildə ifadə edir. Partiyanın təsis edildiyi günün siyasi mənası zaman keçdikcə daha aydın görünür: həmin gün yalnız yeni siyasi təşkilat yaradılmadı, həm də Azərbaycanın gələcək qələbələrinə aparan siyasi yolun əsası qoyuldu.

Bu yolun ən möhtəşəm nəticəsi isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin edilməsi dövlətimizin qüdrətini, xalqımızın birliyini və milli iradəmizin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Beləliklə, YAP-ın yaranması ilə başlanmış siyasi mübarizə və dövlətçilik xətti tarixi Zəfərlə yeni məzmun qazandı.

Yeni Azərbaycan Partiyasının inkişafında və siyasi nüfuzunun möhkəmlənməsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət xüsusi yer tutur. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun müasir dövrün tələblərinə uyğun davam etdirilməsi Azərbaycanın hərtərəfli inkişafını təmin edən əsas amillərdəndir.

Prezident İlham Əliyevin YAP-ın VIII qurultayında səsləndirdiyi “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır” fikri partiyanın ideoloji və siyasi varislik prinsipinə sadiqliyini bir daha təsdiqləyir. Bu varislik yalnız tarixi ənənələrin qorunması deyil, eyni zamanda dövlətçilik fəlsəfəsinin yeni çağırışlara uyğun inkişaf etdirilməsi deməkdir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan bu gün regionun aparıcı dövlətlərindən biri kimi çıxış edir, beynəlxalq münasibətlər sistemində mövqeyini gücləndirir və milli maraqlarını qətiyyətlə müdafiə edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlar YAP-ın siyasi məsuliyyətini də artırır. Dövlətin qarşısında duran strateji hədəflərin reallaşdırılmasında partiyanın fəallarının, üzvlərinin və tərəfdarlarının üzərinə mühüm vəzifələr düşür. Dövlət başçısının qeyd etdiyi kimi, “Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var.” Bu qiymət partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakına, dövlətçilik ideyalarının təbliğinə və milli həmrəyliyin möhkəmləndirilməsinə verilən yüksək dəyərdir.

YAP-ın VIII qurultayı Azərbaycanın siyasi və geosiyasi reallıqlarının əhəmiyyətli dərəcədə dəyişdiyi bir mərhələdə keçirildi. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası yeni inkişaf mərhələsinin başlanğıcını qoydu. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir.”

Bu tarixi reallıq partiyanın fəaliyyət istiqamətlərinin də yeni dövrün tələblərinə uyğun müəyyənləşdirilməsini zəruri edirdi. Qurultayda qəbul olunan qərarlar və təsdiqlənən yeni Proqram Azərbaycanın qarşısında dayanan prioritetləri, milli inkişaf strategiyasını və gələcək hədəfləri əhatə etməklə mühüm siyasi sənəd kimi çıxış etdi. Proqramda müasir dünyanın siyasi, iqtisadi və texnoloji tendensiyalarının, regionda yaranmış yeni reallıqların və ölkəmizin artan imkanlarının nəzərə alınması partiyanın dəyişən dövrə uyğunlaşmaq və prosesləri qabaqlamaq potensialını nümayiş etdirir.

Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” fikri isə bu mərhələdə milli həmrəyliyin və vahid mövqenin əhəmiyyətini ifadə edir. Çünki dövlətin suverenliyi, təhlükəsizliyi, ərazi bütövlüyü və milli maraqları siyasi baxışlardan üstün olan ümummilli dəyərlərdir. Bu məsələlərdə birlik nümayiş etdirmək hər bir vətəndaşın, xüsusilə də siyasi təşkilatların əsas məsuliyyətidir.

Bu gün Yeni Azərbaycan Partiyası yalnız yarandığı dövrün siyasi zərurətindən doğan təşkilat deyil, həm də müasir Azərbaycanın inkişafına töhfə verən, dövlətçilik ənənələrinin qorunmasında və milli ideyaların gələcək nəsillərə ötürülməsində mühüm rol oynayan siyasi qüvvədir. Partiyanın keçdiyi yol Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin, Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və xalqımızın milli iradəsinin vəhdətini əks etdirir.

1992-ci il noyabrın 21-də atılan tarixi addım bu gün müstəqil, güclü və qalib Azərbaycanın reallığında özünün ən parlaq nəticələrini nümayiş etdirir. Zaman dəyişib, ölkəmizin qarşısında yeni vəzifələr yaranıb, lakin dövlətçilik maraqlarına sədaqət, milli birlik və Heydər Əliyev siyasi məktəbinə bağlılıq dəyişməz olaraq qalır.

Yeni Azərbaycan Partiyasının 34 illik siyasi yolu bir həqiqəti təsdiqləyir: güclü dövlətin təməlində düzgün siyasi seçim, uzaqgörən liderlik və xalqın birliyi dayanır. Bu gün həmin yol Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara, yeni hədəflərə və daha qüdrətli Azərbaycanın qurulmasına doğru inamla davam edir.

Yeni Azərbaycan Partiyası – dünənin tarixi, bu günün gücü və gələcəyin təminatıdır!

Aynur Şərif,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button