
Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və milli-mənəvi dəyərlərə malik şəhərlərindən biri olan Ağdam Qarabağın mühüm yaşayış məskənlərindən biridir. 20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın yaddaşında xüsusi yer tutan, tarixi ədalətin bərpasını, milli iradəmizin təntənəsini və doğma torpaqlara qayıdışın başlanmasını ifadə edən əlamətdar tarixdir.
Ağdam uzun illər Azərbaycanın iqtisadi, mədəni və sosial həyatında mühüm rol oynamışdır. Şəhər özünün əlverişli coğrafi mövqeyi, kənd təsərrüfatı potensialı, sənaye müəssisələri və zəngin tarixi-mədəni abidələri ilə seçilmişdir. Pənah xanın İmarət Kompleksi, türbələr və digər tarixi-memarlıq nümunələri Ağdamın qədim keçmişinin mühüm yadigarlarıdır.
Lakin 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam şəhərinin işğal edilməsi bölgənin tarixində ağır bir dövrün başlanğıcı oldu. İşğal nəticəsində şəhər dağıdıldı, tarixi-mədəni abidələrə ciddi ziyan vuruldu, yaşayış evləri, məktəblər və digər sosial obyektlər məhv edildi. Minlərlə ağdamlı doğma yurdlarından didərgin düşərək uzun illər məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Buna baxmayaraq, Ağdam sakinləri doğma torpaqlarına qayıdacaqlarına olan ümidlərini heç vaxt itirmədilər.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələ oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası üçün mühüm şərait yarandı. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq, 2020-ci il noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Beləliklə, 27 ilə yaxın davam edən işğala son qoyuldu və Ağdam yenidən öz sahibinə qovuşdu.
Ağdamın azad olunması bütün Azərbaycan xalqı tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılandı. 2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev Ağdam şəhərinə səfəri zamanı burada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu hadisə şəhərin həyatında yeni mərhələnin başlanmasının, dövlət suverenliyimizin və milli birliyimizin rəmzinə çevrildi.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur. Bu qərar Ağdamın işğaldan azad edilməsi tarixinin əbədiləşdirilməsi və tarixi Zəfərimizin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu gün Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərin Baş Planına uyğun olaraq müasir infrastruktur yaradılır, yollar, yaşayış binaları, təhsil və səhiyyə müəssisələri inşa olunur. Ağdam Sənaye Parkının fəaliyyəti bölgənin iqtisadi potensialının gücləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və sahibkarlığın inkişafına mühüm töhfə verir. Bütün bu layihələr Ağdamın müasir və inkişaf etmiş şəhərə çevrilməsinə xidmət edir.
Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı da mühüm dövlət prioritetidir. 2025-ci il martın 27-dən Ağdam şəhərinə sakinlərin qayıdışına başlanılması bu istiqamətdə əlamətdar hadisə oldu. Uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların yenidən öz evlərinə qayıtması Ağdamın dirçəlişinin ən sevindirici göstəricilərindəndir.
Mənim fikrimcə, 20 Noyabr – Ağdam Şəhəri Günü yalnız bir şəhərin azad olunmasını deyil, həm də xalqımızın sarsılmaz iradəsini, milli həmrəyliyini və dövlətimizin gücünü nümayiş etdirir. Ağdamın yenidən qurulması, sakinlərin doğma torpaqlarına qayıtması və şəhərin inkişafı Azərbaycanın gələcəyə inamla addımladığının göstəricisidir. Biz gənclər də bu tarixi nailiyyətləri daim qorumalı, milli-mənəvi dəyərlərimizə sahib çıxmalı və ölkəmizin inkişafına öz töhfəmizi verməliyik.
Bu əlamətdar gün münasibətilə Ağdamın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Onların qəhrəmanlığı sayəsində bu gün Ağdamda üçrəngli bayrağımız dalğalanır və şəhərimiz yenidən dirçəlir.
20 Noyabr – Ağdam Şəhəri Günü tarixi Zəfərimizin, milli birliyimizin və Böyük Qayıdışın təntənəsidir. İnanırıq ki, Ağdam yaxın gələcəkdə öz əvvəlki şöhrətini bərpa etməklə yanaşı, Azərbaycanın ən müasir və inkişaf etmiş şəhərlərindən birinə çevriləcəkdir.
Nigar Abbaszadə,
YAP Nərimanov rayon təşkilatının mühasibi



