
Müzakirələrdə qeyd olunub ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli nitqi ölkənin gələcək insan kapitalının formalaşdırılması və təhsil sisteminin strateji hədəflərinin müəyyən edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Tarixi zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra yaranan yeni reallıqlar fonunda dövlət başçısının bəyan etdiyi prioritetlər, təhsil sahəsində köklü və keyfiyyətli dəyişikliklərin həyata keçirilməsini zəruri edir. Bu baxımdan, qurultayda irəli sürülən strateji vəzifələrin təhsil istiqaməti sadəcə bilik və bacarıqların ötürülməsini deyil, bütövlükdə milli dövlətçilik təfəkkürünə malik nəslin yetişdirilməsini hədəfləyir. Dövlət başçısının çağırışlarına əsasən, müasir mərhələdə təhsil sahəsinin qarşısında duran ən mühüm vəzifə ideoloji təhlükəsizliyin təmin olunmasıdır. Qloballaşan dünyada gənclərin müxtəlif xarici təsirlərdən, manipulyasiyalardan və zərərli dezinformasiyalardan qorunması məhz təhsil müəssisələrində aparılan düzgün maarifləndirmə işindən keçir. Bu prosesdə təhsil sisteminin üzərinə gənc nəslə azərbaycançılıq məfkurəsini, vətənpərvərlik hisslərini və milli-mənəvi dəyərlərə sadiqliyi aşılamaq kimi böyük bir məsuliyyət düşür. Güclü dövlətin təməli, öz tarixinə və köklərinə dərindən bağlı olan, müstəqil düşüncəli gəncliyin formalaşması ilə birbaşa əlaqəlidir.







