AnalitikaGündəmSiyasət

Ədalət, beynəlxalq hüquq çağırışları bütün dövrlər üçün əsas müzakirə mövzusudur

Azərbaycan tarixən və müasir dövrdə müxtəlif sivilizasiyaların, dinlərin, millətlərin və mədəniyyətlərin qarşılıqlı hörmət, sülh və etimad şəraitində birgə yaşadığı unikal məkan kimi tanınır. 2011-ci ildən başlayaraq iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin bu mövqeyinin təqdimatında əhəmiyyətli rol oynayır. Oktyabrın 27-də “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirildi. Üç gün davam edəcək Forum çərçivəsində etimadın bərpası, süni intellektin rolu, miqrasiya, qlobal təhlükəsizlik və gənclərin proseslərə cəlb olunması kimi müasir dövrün çağırışları ətrafında müxtəlif tədbirlər və panel iclaslar keçirilir.

Açılış mərasimində Prezident İlham Əliyev qlobal təhlükəsizlik, ikili standartlar və sülh quruculuğu kimi məsələlərdən geniş bəhs etdi. “Azərbaycan əsrlər boyu öz dövlətçiliyindən məhrum olmuşdur, baxmayaraq ki, bizim əvvəlki əsrlərdə dövlətçiliyin çox böyük ənənələri var. Lakin son iki əsrdə biz müstəqil olmamışıq. Bununla belə, yaşadığımız sistemdən asılı olmayaraq, dəyərlərimizi, dilimizi, ənənələrimizi, həyat tərzimizi qoruyub saxlaya bilmişik. Hamınız bilirsiniz ki, biz fərqli sistemlərdə yaşamışıq” deyən cənab İlham Əliyev bildirdi ki, bununla belə, yaşadığımız həmin sistemlərin heç biri bizim milli hisslərimizi, əzmimizi poza bilmədi. Ona görə də Azərbaycan müstəqilliyini bərpa etdiyi zaman biz öz taleyimizin sahibinə çevrildik. Bu gün qonaqların Bakıda və Azərbaycanın digər yerlərində öz gözləri ilə gördükləri işlər, əsasən, müstəqillik illərində icra edilmişdir. Biz öz taleyimizi özümüz həll etməyə başladıq və sonra isə bütün dünyaya nəyə qadir olduğumuzu göstərdik. Həmçinin mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, müstəqillik illərində biz nəinki öz ənənələrimizi, öz həyat tərzimizi qoruyub saxladıq, o cümlədən onları gücləndirdik. Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlərdə birliyini nümayiş etdirir: “Bir neçə dəfə qeyd etdiyim kimi, bizim Azərbaycanda hər hansı daxili risklərimiz yoxdur. Bütün potensial risklər hüdudlarımızın kənarından gəlir. İdeoloji risklər isə fiziki risklər qədər təhlükəlidir. Buna görə biz hər zaman ayıq-sayıq olmalıyıq, özünəməxsusluğumuzun, dövlətçiliyimizin, müstəqilliyimizin və həyat tərzimizin qorunmasına çox sadiq olmalıyıq. Müstəqilliyin bu 35 ili ərzində ölkədə fərqli dövrlər olub, lakin biz hər zaman inanmışıq ki, öz məqsədlərimizə nail olacağıq”.
Cənab İlham Əliyev əsas məqsədimizin ərazi bütövlüyümüzün bərpası, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi olduğunu qeyd edərək vurğuladı ki, uzun illər ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Əslində, danışıqlar forması elə qurulmuşdu ki, münaqişə həll olunmasın, əksinə dondurulsun. Görünür, əsas güclər bunun üzərində konsensusa gəlmişdilər, lakin onlar Azərbaycan xalqının nə düşündüyünü, Azərbaycan hökumətinin nəyi planlaşdırdığını səhv hesablamışdılar. Biz əraziləri işğal altında olan ölkə, ən elementar insan hüquqları daim pozulan xalq kimi əbədi yaşamalı deyildik. Biz danışıqlarda bütün səmimiyyətimizlə və ümidlə iştirak edirdik. Lakin bu prosesin heç bir nəticə vermədiyini gördükdə, özünümüdafiə hüququ da daxil olmaqla, BMT Nizamnaməsində, o cümlədən onun 51-ci maddəsində təsbit edilmiş qanuni hüququmuza əsaslanaraq məsələni həll etdik.
Prezident İlham Əliyev onu da qeyd etdi ki, hər il yeni müharibələrin başladığını görürük. Müharibəyə başlamaq çox asandır, onu bitirmək, qələbə qazanmaq isə çox çətindir. Ona görə də Azərbaycanın təcrübəsi, – ədalətli müharibədə Qələbə qazanmağımız, məğlub tərəfin kapitulyasiya etməsi, bundan sonra isə lazım olan məqamda dayanmağımız və sülh təklif etməyimiz mühüm əhəmiyyət daşıyır.
Forumda diqqət yönəldilən əsas məsələlərdən biri təbii ki, ikili standarlar oldu. Cənab İlham Əliyev qeyd etdi ki, mühüm məsələlərdən biri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi olmalıdır. Biz 30 il bu vəziyyətlə üzləşmişik. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının azad olunmasını tələb edən dörd qətnamə qəbul etmişdi. Onlar icra olunmadı. Onların icrasını təmin edən mexanizm yox idi. Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. İndi isə ətrafımıza baxanda hər yerdə sanksiyalar görürük. Azərbaycandan şimala və cənuba baxdıqda yüzlərlə sanksiyanın tətbiq olunduğunu görürsünüz. Lakin Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Bu isə ikili standartlar məsələsidir. Bu, ikili standartlardan başqa bir şey deyil. Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq: “Bu, xarici siyasətimizin mühüm istiqamətlərindən biridir. Çünki biz ikili standartlardan əziyyət çəkmişik və hələ də onların təsiri ilə üzləşirik. Əlbəttə, indiki vəziyyətimizlə bağlı “əziyyət çəkmək” ifadəsi bəlkə də çox sərt səslənir. Əslində, biz artıq əziyyət çəkmirik. Çünki istədiyimizə nail olmuşuq və öz torpağımızda azad yaşayırıq. Bununla belə, beynəlxalq siyasətdə ikili standartlar siyasəti tamamilə aradan qaldırılmalıdır. Cəmiyyətimiz ikili standartları qətiyyətlə rədd edir”.
Keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir günün aktual məsələlərinin müzakirəsi ilə yanaşı, ümumi yanaşmanın müəyyənləşdirilməsi baxımından da diqqətdə olur. Ədalət, beynəlxalq hüquq çağırışları bütün dövrlər üçün əsas müzakirə mövzusudur. Azərbaycanın xarici siyasətində daim bu prinsipləri öndə saxlaması söz sahibliyində, uğurlarının davamlılığında əhəmiyyətli rol oynayır.

Həbib Cəfərov,
YAP Astara rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button