AnalitikaGündəmSiyasət

Ortaq gələcək naminə dialoq: Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışının əsas istiqamətləri

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif xalqlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, tolerantlığın təşviqi, dinlər və sivilizasiyalar arasında dialoqun inkişaf etdirilməsi baxımından mühüm beynəlxalq platformadır. Forumun “Ortaq gələcək naminə dialoq” mövzusu müasir dünyada sülhün, əməkdaşlığın və qarşılıqlı hörmətin təmin olunmasının əhəmiyyətini ön plana çıxarır. Mədəniyyətlərarası dialoq qlobal problemlərin həllində, xalqlar arasında etimadın gücləndirilməsində və müxtəlif cəmiyyətlərin dinc yanaşı yaşamasında mühüm rol oynayır. Müasir dövrdə münaqişələr, dini və milli ayrı-seçkilik, islamofobiya, ksenofobiya və dözümsüzlük kimi problemlər beynəlxalq əməkdaşlığın genişləndirilməsini zəruri edir. Bu baxımdan forum müxtəlif ölkələrin nümayəndələrinin fikir mübadiləsi aparması, ortaq problemlərə birgə yanaşmalar müəyyənləşdirməsi üçün əhəmiyyətli imkan yaradır. Azərbaycanın bu forumun keçirildiyi ölkə kimi çıxış etməsi onun beynəlxalq humanitar əməkdaşlığa, multikulturalizmə və tolerantlıq prinsiplərinə verdiyi önəmi nümayiş etdirir. Ölkəmiz müxtəlif mədəniyyətlərin, dinlərin və etnik qrupların qarşılıqlı hörmət şəraitində yaşamasını təşviq edən dialoq təşəbbüslərinin inkişafına töhfə verir. Bakı müxtəlif sivilizasiyaların təmsilçilərini bir araya gətirən beynəlxalq görüşlər üçün mühüm mərkəzlərdən biri kimi çıxış edir. Cənab Prezident çıxışında Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlərə, ərazi bütövlüyünün və suverenliyinin bərpasına, beynəlxalq hüququn prinsiplərinə və regionda sülhün təmin olunmasının əhəmiyyətinə də toxunmuşdur. O, Azərbaycanın uzun illər davam edən münaqişənin həllində öz mövqeyini müdafiə etdiyini, 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünün və suverenliyin tam bərpa olunduğunu bildirmişdir. Dövlət başçısı beynəlxalq münasibətlərdə ikili standartların yolverilməzliyini, dövlətlərin suverenliyinə və daxili işlərinə hörmətlə yanaşılmasının vacibliyini vurğulamışdır. Onun fikrincə, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və ədalətli yanaşma prinsiplərinin qorunması münaqişələrin və gərginliklərin azalmasına şərait yarada bilər. Çıxışda Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi, müstəqil xarici siyasəti və iqtisadi inkişafı da diqqətə çatdırılmışdır. Prezident Azərbaycanın müxtəlif dövlətlərlə strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdiyini, ölkənin beynəlxalq enerji və nəqliyyat bazarlarında rolunun artdığını qeyd etmişdir. O, Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə sabitlik və əməkdaşlıq tərəfdarı olduğunu bildirmişdir. Cənab Prezident İlham Əliyev Ermənistanla sülh prosesinə də toxunaraq, regionda yeni münasibətlər sisteminin formalaşmasının əhəmiyyətini vurğulamışdır. Bu kontekstdə 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin paraflanması və üçtərəfli Bəyannamənin imzalanması regional sülh perspektivləri baxımından mühüm hadisə kimi təqdim edilmişdir. Cənab Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı Azərbaycanın multikulturalizm və beynəlxalq əməkdaşlıq sahəsindəki mövqeyini, milli maraqlarını qorumaq əzmini və regionda davamlı sülhün təmin olunmasına verdiyi önəmi əks etdirir. Forumun əsas ideyası olan “Ortaq gələcək naminə dialoq” çağırışı müxtəlif mədəniyyətlər və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə, beynəlxalq problemlərin dialoq yolu ilə həllinə və daha təhlükəsiz, sabit dünyanın qurulmasına xidmət edir.

 

Sidiqə Qasımova, 
YAP Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button