AnalitikaGündəmSiyasət

Ağdamın adı xalqımızın tarixində qəhrəmanlıq, dözüm, sədaqət və yenilməzlik anlayışları ilə yanaşı çəkilir

Ağdamın adı xalqımızın tarixində qəhrəmanlıq, dözüm, sədaqət və yenilməzlik anlayışları ilə yanaşı çəkilir. Bu qədim şəhər Azərbaycanın Qarabağ bölgəsinin mühüm yaşayış və mədəniyyət mərkəzlərindən biri olmuş, özünün zəngin tarixi və milli-mənəvi irsi ilə seçilmişdir. Ağdamın hər bir küçəsi, hər bir tarixi məkanı və hər bir xatirəsi doğma torpağın insan həyatında nə qədər böyük yer tutduğunu göstərir. Şəhərin keçmişi xalqımızın milli kimliyinin, adət-ənənələrinin və tarixi yaddaşının ayrılmaz hissəsidir.

Ağdamın uzun illər işğal altında qalması, şəhərin dağıdılması və sakinlərinin doğma yurdlarından ayrı düşməsi Azərbaycan xalqının yaşadığı ən ağır faciələrdən biri olmuşdur. Lakin xalqımız heç vaxt öz tarixi torpaqlarından imtina etməmiş, ədalətin bərpa olunacağına inanmışdır. Həmin dövrdə ağdamlıların ürəyində yaşatdığı qayıdış arzusu ümumxalq arzusuna çevrilmişdi. Azərbaycan dövləti ərazi bütövlüyünün bərpasını daim prioritet hesab etmiş, bu istiqamətdə siyasi, diplomatik və hərbi gücünü səfərbər etmişdir.

2020-ci il noyabrın 20-də Ağdam şəhərinin azad olunması bu mübarizənin tarixi nəticəsi kimi yaddaşlara yazıldı. Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə Azərbaycan xalqının birliyini, Ordumuzun gücünü və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri şəhərin gələcəyinə yönəlmiş mühüm addımlardır. Yeni yaşayış evləri, müasir infrastruktur, sosial obyektlər, abad küçələr və iqtisadi inkişaf layihələri Ağdamın simasını dəyişdirir. Şəhər öz tarixi köklərini qorumaqla yanaşı, müasir Azərbaycanın inkişaf modelinə uyğun şəkildə yenidən qurulur.

20 Noyabr – Ağdam Şəhəri Günü milli qürurumuzun və tarixi Zəfərimizin təcəssümüdür. Bu gün biz həm doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizi ehtiramla yad edir, həm də onların arzularının gerçəkləşməsinin sevincini yaşayırıq. Ağdamın dirçəlişi xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin gücünün və gələcəyə inamının göstəricisidir. Əminik ki, bu şəhərdə həyat daha da canlanacaq, yeni nəsillər Ağdamın gözəlliyi və tarixi ilə fəxr edəcək, onun adı daim quruculuq, inkişaf və qələbə ilə anılacaqdır.

 

Tural Abdullayev,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button