AnalitikaGündəmSiyasət

Tarixi qələbə

Tarix elə günlər yaradır ki, onlar bir xalqın yaddaşında əbədi yaşayır, nəsildən-nəslə ötürülən qürur mənbəyinə çevrilir. 20 Noyabr da Azərbaycan xalqı üçün belə əlamətdar günlərdəndir. Bu tarix Ağdam şəhərinin işğaldan azad olunması ilə yaddaşımıza həkk olunmuşdur. Qarabağın qədim və gözəl şəhərlərindən olan Ağdamın azadlığı xalqımızın uzun illər davam edən həsrətinin sona çatması, tarixi ədalətin bərpası və milli qürurumuzun yüksəlişi demək idi.

Ağdam tarixən özünəməxsus mədəni mühiti, zəngin təsərrüfat həyatı və inkişaf etmiş ictimai infrastrukturu ilə seçilmişdir. Şəhər öz sakinləri üçün sadəcə yaşayış yeri deyil, onların həyatının ayrılmaz hissəsi, xatirələrinin və arzularının ünvanı olmuşdur. İşğal illərində Ağdamın dağıdılması, tarixi abidələrinin zədələnməsi və yaşayış məntəqələrinin viran qoyulması xalqımızın mənəvi yaddaşında ağır iz buraxmışdır. Lakin bu faciələr şəhərin adını və onun insanlarının doğma yurda olan sevgisini heç vaxt silə bilməmişdir.

Vətən müharibəsində qazanılan tarixi Qələbə Ağdamın da azadlığına yol açdı. Azərbaycan Ordusunun rəşadəti, xalqımızın birliyi və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nailiyyət əldə olundu. Bu gün Ağdamda həyata keçirilən quruculuq işləri həmin Qələbənin yaratdığı yeni reallıqların parlaq təzahürüdür. Şəhərdə müasir yaşayış kompleksləri, sosial infrastruktur, təhsil və mədəniyyət obyektləri inşa olunur, iqtisadi inkişaf üçün əlverişli şərait yaradılır. Bütün bu işlər Ağdamın yenidən həyatla dolmasına xidmət edir.

Ağdam Şəhəri Günü hər birimizə dövlətimizin qüdrətini, xalqımızın birliyini və şəhidlərimizin müqəddəs amalını xatırladır. Bu gün Ağdamın yenidən qurulması, sakinlərinin doğma torpaqlarına qayıtması və şəhərdə həyatın bərpası ən böyük sevincimizdir. Biz Ağdamı yalnız keçmişin xatirəsi kimi deyil, Azərbaycanın parlaq gələcəyinin bir parçası kimi görürük. Qoy bu qədim şəhərin üzərindən daim sülh və əmin-amanlıq əskik olmasın, hər yeni gün Ağdama yeni uğurlar gətirsin!

 

Sevinc Əhmədova,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button