AnalitikaGündəmSiyasət

Ağdamın dirçəlişi – milli qürurumuzun və tarixi Zəfərimizin təntənəsi

Azərbaycanın qədim və zəngin tarixə malik şəhərlərindən biri olan Ağdam xalqımızın milli yaddaşında özünəməxsus yer tutur. Qarabağın qoynunda yerləşən bu şəhər əsrlər boyu özünün mədəniyyəti, tarixi abidələri, zəhmətkeş insanları və milli-mənəvi dəyərləri ilə tanınmışdır. Ağdamın hər bir küçəsi, hər bir məhəlləsi, hər bir tarixi məkanı bir xalqın keçmişindən, həyat tərzindən və mənəvi zənginliyindən xəbər verir. Bu şəhər yalnız ağdamlıların deyil, bütün Azərbaycan xalqının doğma yurd sevgisinin, milli kimliyinin və tarixi yaddaşının ayrılmaz parçasıdır.

İşğal dövründə Ağdamın məruz qaldığı dağıntılar xalqımızın yaddaşında dərin ağrı və kədər yaratmışdır. Bir zamanlar həyatın qaynadığı, insanların qurub-yaratdığı, mədəniyyətin və tərəqqinin inkişaf etdiyi şəhər uzun illər viran vəziyyətdə qalmışdır. Doğma torpaqlarından didərgin düşən ağdamlılar bütün çətinliklərə baxmayaraq, öz yurdlarına qayıtmaq ümidini itirməmiş, şəhərlərinin azad olunacağı günə böyük inamla yaşamışlar. Bu inam xalqımızın Vətən sevgisinin, milli birliyinin və sarsılmaz iradəsinin parlaq təzahürü olmuşdur.

2020-ci il noyabrın 20-də Ağdamın işğaldan azad edilməsi Azərbaycan tarixinin şanlı səhifələrindən birinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə nəticəsində Ağdam öz doğma sahibinə qovuşdu. Bu gün şəhərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın gücünü, inkişaf strategiyasını və gələcəyə hesablanmış məqsədlərini nümayiş etdirir. Yeni yaşayış komplekslərinin salınması, müasir yolların çəkilməsi, sosial və iqtisadi infrastrukturun yaradılması Ağdamın yenidən regionun mühüm mərkəzlərindən birinə çevrilməsinə xidmət edir.

Ağdamın dirçəlişi xalqımızın Zəfər salnaməsinin davamıdır. Bu şəhərin yenidən qurulması, sakinlərinin doğma ocaqlarına qayıtması və burada yeni həyatın başlanması hər bir azərbaycanlı üçün böyük sevinc mənbəyidir. 20 Noyabr – Ağdam Şəhəri Günü bizə şəhidlərimizin müqəddəs xatirəsini, qazilərimizin qəhrəmanlığını və dövlətimizin qüdrətini bir daha xatırladır. Bu gün Ağdamın hər bir yenilənən küçəsi, hər bir ucaldılan binası gələcəyə inamın rəmzidir. Qoy Ağdam daim inkişaf edən, abadlaşan, sülh və firavanlıq içində yaşayan şəhər kimi Azərbaycan tarixində öz layiqli yerini tutsun!

Mustafa Məmmədzadə,    
Azərbaycan Universitetinin tələbəsi, Xəzər rayonunun gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button